Zəngəzur dəhlizində Soyuq Müharibə: Maraqlar meyarları dəyişir

2020-ci ilin noyabr ayının 10 da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında imzalanan 9 bəndlik bəyanatın sonuncu – 9-cu bəndindən irəli gələn tələblərin yerinə yetirilməməsi bölgədə hələ də gərginliyin aktuallığına xidmət edir.


Sözügedən bənd bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur. Sənəddə aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Bu razılaşmaya görə, nəqliyyat əlaqəsi üzrə nəzarət səlahiyyəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin orqanlarına verilib. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin edilməli idi.

Məlumdur ki, Ermənistan tərəfi bəyanatın digər hissələrinin də doğurduğu tələblərin yerinə yetirilməsini verdiyi zəmanət üzrə tənzimləyə bilmədi. Bir sözlə, bəyanatın 4-cü bəndinddə nəzərdə tutulduğu və razılaşdırıldığı kimi, Ermənistan öz ordusunun bölmələrini Qarabağdan çıxarmadı. Əksinə, erməni hərbiçilər Rusiya Sülhməramlı Kontingentinin məsuliyyət zonasındakı mövqelərini möhkəmləndirməyə, uzunmüddətli fortifikasiya qurğuları inşa etməyə cəhd göstərdilər. Bütün bunlar Qarabağ İqtisadi Rayonunda lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsini zərurətə çevirdi.

Bütün bunların, sözügedən 9-cu bənddən irəli gələn tələblərin yerinə yetirilməməsi və bölgədə gərginliyin davam etdirilməsinə hesablandığını demək mümkündür.
19 sentyabr 2023-cü il tarixdə başladılan lokal xarakterli antiterror tədbirlərinə qədər, hətta ondan sonra da Ermənistanın sülh posesinə qeyr-müəyyən münasibəti Zəngəzur dəhlizinin ətrafındakı müzakirələrin coğrafi baxımdan daha da genişlənməsinə rəvac verdi.

Nəhayətdə, Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin İrandan keçməklə reallaşa biləcəyinə eyham vurdu. Məhz bundan az sonra Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrana səfərə getdi. Armen Qriqoryan iranlı həmkarı ilə görüşdən sonra İran Prezidenti İbrahim Rəisi ilə də fikir mübadiləsi aparıb.

Söz yox ki, İran-Ermənistan müzakirələrində əsas mövzulardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Nə qədər qəribə olsa da, yaxın keçmişə qədər bir-birini ciddi şəkildə dəstəkləyən bu iki dövlət dəhliz məsələsində fikir ayrılığına malikdir.

Türkiyə prezidentinin Zəngəzur dəhlizinin İrandan keçə bilməsinə dair eyhamı rəsmi Tehran üçün necə deyərlər, göydəndüşmə oldu. Bu kommunikasiya infrastrukturunun öz ərazisindən keçməsinə razılıq verməsi ilə İran diplomatik baxımdan bir neçə uğur əldə etmiş olur. Belə ki, Tehran sözügedən dəhlizin açılmasına loyal münasibətlə həm Türkiyə, həm də Azərbaycanla diplomatik münasibətlərindəki “soyuqluğu” aradan qaldırmağa nail olur, Türkiyə və Azərbaycanın bu dəhliz üzərində planlaşdırmağa çalışacağı beynəlxalq layihələrdə iştirak imkanı əldə edir, dünyada sülh və inkişafa yardımçı görüntüsü yaradır, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülən “3+3” formatında əməkdaşlığı dəstəklədiyini ortaya qoyur, bir tərəfdən isə Azərbaycan və Türkiyəyə müəyyən məsələlərdə təsir imkanları qazanır.

Ermənistan rəsmilərinin İrana səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı aparılan fikir mübadiləsində tək ikitərəfli münasibətlər deyil, həm də regional təhlükəsizlik, münaqişələrin dialoq yolu ilə həlli və sərhəd toxunulmazlığı məsələləri müzakirə edilib.

Maraqlıdır ki, bütün bu danışıqların fonunda İran Ermənistan-Azərbaycan sərhədinə müşahidəçilər göndərə biləcəyini açıqlasa da, Zəngəzur dəhlizinin Ermənistan və ya öz ərazisindən keçməsinə dair konkret mövqe sərgiləməyib. Amma bu görüşlərdən cəmi dörd gün sonra oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş arasında görüş keçirildi. Tərəflər inşaat işlərinə başlanılma tarixindən tutmuş, inşa ediləcək yeni dəmiryolu xətti və körpülərinin planlarına qədər müxtəlif detalları müzakirə edib.

Azərbaycanla İran arasında nəqliyyat və kommunikasiya, enerji və su ehtiyatlarından istifadə ilə bağlı aktual məsələlərin ikitərəfli müzakirəsi onu deməyə əsas verir ki, Ermənistan növbəti dəfə Cənubi Qafqazda start götürən yeni proseslərdən özünü təcrid etməkdə qərarlıdır. Əslində, İrəvanda çox gözəl anlayırlar ki, regionun tranzit imkanlarından yararlana bilmək Ermənistanın ancaq xeyrinə ola bilər.

Zəngəzur dəhlizinin açılması Ermənistan üçün ticari, iqtisadi, enerji baxımdan əlverişli olmaqla yanaşı həm də regionda xalqlar arasında sülhə doğru irəliləmək üçün uğurlu sayıla biləcək layihədir. Ancaq bu məsələdə İranın daha çox fəallıq göstərməsi onu deməyə əsas verir ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində ona göstərilən təzyiqlərdən yaxa qurtara bilmir və regional layihələrə qoşulmaq məsələsində ləngiyir. Bu isə Azərbaycanla bağlanması vacib olan sülh sazişinin gerçəkləşməsinə əngəl törədir.

Yaranmış şəraitdə İran hazırda Azərbaycanla sərhəddə “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tezliklə yekunlaşdırılmasını istəyir, bunun fonunda isə İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni dəmir yolu xəttinin və dəmir yolu körpülərinin tikintisinə marağını rəsmən təsdiqləyir, Azərbaycan-İran dövlət sərhədində Ağbənd (Azərbaycan Respublikası) - Kəlalə (İran İslam Respublikası) dövlət sərhədinin buraxılış məntəqələrində Araz çayı üzərində avtomobil sərhəd körpüsünün və piyada keçidinin tikintisinə dair protokol imzalayır.

Bu arada, Azərbaycanın Tehrandakı səfirliyinə bu ilin yanvar ayında silahlı basqın edən şəxsin edam cəzasına məhkum edilməsi haqda xəbərlər yayılır. Məlumdur ki, Azərbaycan səfirliyinə hücumu əks etdirən xəbər Ermənistan cəmiyyətində çox yüksək şövqlə qarşılanmışdı. Amma bu gün İran-Azərbaycan münasibətlərindəki yeni gəlişmə həmin şövqün məyusluqla əvəzlənməsi ilə nəticələnir.

Əslində, bütün bunlar dolayısı ilə İran-Ermənistan münasibətlərində etimadsızlığın və etibasızlığın yaranmasına işarə sayıla bilər. Söz yox ki, İran özünün geopolitik siyasətində Rusiyanın maraqlarını nəzərə almamış deyil. İranın Azərbaycanla yeni anlaşmaları həm də İrəvan-Moskva münasibətlərinin korlanmasından impuls alır. Tehran mövcud siyasi mühitdə Azərbaycan-Rusiya, Türkiyə-Rusiya münasibətlərindən öz xeyrinə yararlanmaqla yanaşı, həm də Tehran-Bakı, Tehran-Ankara əlaqələrinin yeni müstəviyə çıxarılmasına, reallaşdırılmaqda olan “Orta dəhliz” layihəsində iştirak etməyə imkan qazanır.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Naser Kənani Çafinin Azərbaycanın Tehrandakı səfirliyi ilə bağlı açıqlaması da ondan xəbər verir ki, İran Azərbaycanla diplomatik əlaqələrini yenidən bərpa etməyə və iki ölkə arasındakı münasibətlərdə rəsmi Tehranın indiyədək yol verdiyi boşluqları doldurmağa çalışır. Dünya siyasi sferasında özünü həmişə etibarlı tərəfdaş, güvənli iqtisadi partnyor kimi təsdiqləyən Azərbaycanla əlaqələrin yüksək səviyyədə qurulmasından ancaq bəhrələnə biləcəyini yaxşı anlayan Tehran İrandan keçməklə Şərqi Zəngəzur İqtisadi Rayonunu Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisində iştirak etməklə, həm də Avropaya çıxşını yaxşılaşdıra biləcəyini düşünür.

Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizinin açılması ilə bağlı verdiyi açıqlamada Ermənistan tərəfi ilə müzakirələrin aparıldığını, İrəvanın buna razı olmayacağı təqdirdə, İrandan keçən alternativ yolun açılacağını bildirib. O, bu məsələ ətrafında İranla da müzakirələrin aparıldığını ifadə edib. Nazirin sözlərinə görə, Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı bu məsələ də müzakirə predmeti olub. O həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılması bütün regionun və türk dövlətlərinin xeyrinə olacaq.

Əslində, Abdulkadir Uraloğlu dəhlizin türk dövltlərinin xeyrinə olacağını bildirməklə, bu dəhlizin İran və Ermənistan üçün Şərqlə geniş və təhlükəsiz əlaqələr yaranmağa imkan verdiyinə işarə etmiş sayılır.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general Əli-Əkbər Əhmədian oktyabrın əvvəlində Tehranda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşü zamanı “Region coğrafiyasında istənilən dəyişiklik təhlükəsizliyin və qeyri-sabitliyin olmamasına gətirib çıxarır” deməklə, dolayısı ilə rəsmi İrəvana sülhə doğru addımlamağın vaxtı çatması haqda xəbərdarlıq edib. Nəzərə alsaq ki, bu açıqlama Azərbaycanın öz ərazi bütövlüyünü və Qarabağ İqtisadi Rayonunda konstitutsion quruluşunu bərpa etdikdən sonra verilib, deməli, İran öz maraqlarının təmin olunması istiqamətində, Ermənistandan daha çox geniş imkanlara malik olan Azərbaycanla əməkdaşlığa yönəlir və İrəvanı gərginlik yaratmamağa çağırır. Çünki bölgədə ərazi iddiaları və coğrafi dəyişikliyə maraqlı olan yeganə ölkə Ermənistandır.

Əhmədian erməni həmkarı ilə görüşdə, Qafqaz regionunda baş verən son hadisələrə diqqət çəkib, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün hər bir tərəfin səylərinin vacibliyini vurğulayıb. Bunun özü də rəsmi İrəvan üçün ciddi bir mesaj sayıla bilər. Son hadisələrin xatırladılması həm də onların təkrarlanacağı halda, kimin uduzacağı, kimin qalib gələcəyinə bir eyham sayıla bilər.

Tehran bununla həm də, kənar siyasi mərkəzlərin regional münasibətlərə müdaxiləsini qəbul etmədiyini və Qafqazdakı problemlərin “3+3” formatında həllinə tərəfdar olduğunu vurğulamış oldu. Digər tərəfdən, İran, regionda təhlükəsizlik məsələlərində Rusiya mexanizmlərinin işləmədiyinə dair İrəvanın mövqeyini və Ermənistanın Qərbdə tərəfdaş axtarmağını bölüşmədiyini də ifadə etmiş olur.

Söz yox ki, İran Ermənistandakı Aİ müşahidəçi missiyasını, ABŞ-la birgə təlimləri, Parislə münasibətləri nə qədər yüksək səviyyədə olsa belə-Fransanın Qafana daxil olması istəyini görməzdən gəlmir və hamının gözlədiyi kimi bütün bunlara öz “alternativini” təklif etmədən Azərbaycanla iqtisadi layihələrdə əməkdaşlığı sürətləndirməyə üstünlük verdi.

Cənubi Qafqazda baş verən prosesləri və onlara aid açıqlamaların sətiraltı mənalarını təhlil edəndə bu qənaətə gəlmək olur ki, artıq, İran və Ermənistan arasında sabit və iqtisadi baxımdan əlverişli gələcək naminə gizli bir mübarizə meydana çıxıb.

Hər halda, burada təəccüblü heç nə yoxdur: Dünyanın siyasi arenasında hamı tərəfindən etibarlı tərəfdaş kimi nüfuz qazanmış Azərbaycanla dostluq münasibətləri uğur, düşmənçilik isə məyusluq gətirir.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Qranadada gözlənilən beştərəfli görüşdən əvvəl Tehrana səfər etmişdi... Belə ki, Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı müzakirələrin yeni mərhələsinin və ya dinamikasının başlanacağı gözlənilən Qaranadadakı bu görüşdən rəsmi Bakı imtina elədi. Buna baxmayaraq, Ermənistan birtərəfli qaydada Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyini təsdqilədi.

Kənar təsirlərə məruz qalıb “3+3” formatında danışıqalara qoşula bilməyən İrəvanın indiki siyasi müstəvidə mövcud riyazi statusu “5-1” təsiri bağışlayır. Region ölkələrinin və qonşularının təkidlə dəvətinə rəğmən, özünü təcrid edən İrəvan bu gün onu aldadan qüvvələr tərəfindən gələcəkdə cəlb ediləcəyi müharibədə keçmiş tərəfdaşları ilə vuruşmalı olacaq... Onlar isə Azərbaycan kimi humanist deyil...

Teymur Zahidoğlu
Ordu.az