Hindistan Qafqazda nə axtarır: Öz maraqlarını, yoxsa İrəvanın xoşbəxt gələcəyini? (ANALİZ)

Dünyanın siyasi palitrasında son zamanlar daha çox diqqət çəkməyə başlayan Hindistan-Ermənistan münasibətləri söz yox ki, Qafqazdakı siyasi dairələr və araşdırma-təhlil mərkəzlərinin də diqqətini öz üzərinə cəmləyir.


Siyasi müzakirələrdən rəsmi silah ticarətinə qədər inkişaf edən Yeni Dehli-İrəvan əlaqələrinin fonunda Azərbaycan-Ermənistan münasibətlərinin yer tutduğu da danılmazdır.

Müstəqilliyinin ilk illərindən daha çox Rusiyanın himayəsi altında olan erməni diplomatiyası 44 günlük müharibədəki məğlubiyyətindən dərhal sonra Moskvadan üz çevirərək Paris və Yeni Dehlinin dəstəyini qazanmağa çalışır.

Ermənistanın siyasi hakimiyyəti erməni ordusunun möhkəmləndirilməsi üçün məhz Fransa və Hindistan istehsallı silahların alınmasında maraqlı olduğunu ortaya qoyur. Ermənistan və Hindistan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrlə başlayan intensiv görüşlər tədricən tərəfdaşlıq müstəvisinə yüksəlir və İrəvan Hindistan-İran-Ermənistan əlaqələrinə Yunanıstanın da cəlb edilməsinə maraq göstərir.

Ən yaxın keçmişdə Hindistan Ermənistanla raket, mərmi və sursat tədarükünü əhatə edən böyük həcmli müqavilə imzalayıb. Hindistan Ermənistana raket sistemləri, tank əleyhinə silahlar, haubitsalar, onların döyüş dəstlərini və sayrə ixrac etməyə başlayıb.

Xatırladaq ki, hələ 2020-ci ildə Hindistan Ermənistana öz istehsalı olan 4 ədəd “Swathi” radarı tədarük edib. İki ölkə arasındakı müqavilələrə əsasən, Yeni Dehli İrəvana “Pinaka” Yaylım Atəşli Reaktiv Sistemlərinin (YARS) satılmasını da öhdəlik götürüb.

Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı tərəfindən Hindistan Ordusu üçün hazırlanmış “Pinaka” Yaylım Atəşli Reaktiv Sistemi bu ölkə tərəfindən müasir silah sistemi kimi qələmə verilir və Ermənistan “Pinaka”nın ixrac edildiyi ilk ölkə sayıla bilər. Bu isə Yeni Dehli-İrəvan münasibətlərinin ən yüksək səviyyədə olmasına işarədir.

Bütün bunların fonunda Hindistanın Qafqaza marağı təbii ki sual doğurmaya bilməz. Son illər müdafiə sənayesi sahəsində müəyyən sıçrayışlara nail olan Hindistanın dünya silah bazarına ilk olaraq Qaqazda çıxmaq istəməsinin iqtisadi və siyasi tərəflərini axtarmağa çalışaq...

Bu mövzuda meydana gələn ilk suallardan biri Hindistanın Ermənistana bu qədər məhrəm münasibətinin haradan qaynaqlanmasıdır.

Tarixə qısa nəzər salaq: Moğol imperatoru Əkbər şahın ermənilərin xeyli hissəsini Hindistan ərazisinə köçürdüyü danılmaz faktdır. Həyat yoldaşlarından biri erməni olan şah arvadının mənsub olduğu milləti imperatorluğun paytaxtına, indiki Hindistanın şimalındakı Aqra şəhərinə dəvət edir, onların imperiya ərazisində sərbəst ticarətlə məşğul olması, vergilərdən azad edilməsi üçün göstəriş verir. Həmin dövrdən başlayaraq ermənilərin Hindistanla ciddi ticari əlaqəli formalaşmağa başlayır. Yaranmış münbit şəraitdən istifadə edən ermənilər hindlilərlə qurulan ailələrin sayının çoxalması siyasəti yürüdür. Bu da yeni bir etnik qrupun-hindermənilərin formalaşmasında ciddi rol oynayır.

Təbiidir ki, dərin köklərə malik olan erməni-hind əlaqələri bu gün də özünü aydın şəkildə biruzə verir.

Bununla yanaşı, Hindistanın Qafqazda “dayaq nöqtəsi” axtarmasının əsas səbəblərindən biri, əhalisinin sayına görə ondan sonra gələn, amma elmi tərəqqisinə və iqtisadi inkişafına görə Hindistanı geridə qoyan Çinlə aralarındakı “soyumamış” ziddiyyətlərdir.

Böyük İpək Yolunun üzərində yerləşən bu iki ölkənin Avropaya quru yolları ilə çıxışında Qafqazın, xüsusilə Azərbaycanın müstəsna payı var. Amma Azərbaycanla da siyasi, iqtisadi, ticari, hətta hərbi münasibətlərin qurulmasında Çinin Hindistanı qabaqlaması rəsmi Yeni Dehlinin Böyük İpək Yolunun Qafqazdan keçən hissəsində sıxışdırılmasını labüdləşdirir.

Diqqətlə nəzərdən keçirəndə aydın olur ki, hazırkı zamanda ən böyük ticarət tərəfdaşının Hindistan olmasına rəğmən, Çinin Pakistanla ciddi tərəfdaşlığının fonunda Yeni Dehli buna cavab olaraq Tehranla münasibətlərini yüksək səviyyədə qoruyub saxlamağa çalışır, Böyük İpək Yolunun üzərində yerləşən İranla həm iqtisadi, həm də geopolitik əlaqələrini möhkəmləndirməyə doğru can atır.

Əslində, Hindistanın bu günkü siyasi-hərbi sferada Ermənistanla məlum əməkdaşlığı, dolayısı ilə digər Qafqaz respublikaları ilə, o cümlədən Rusiya ilə müəyyən mənada dil tapmağa hesablandığını təxmin etmək olar.

Yeni Dehli gözəl bilir ki, Azərbaycan, Türkiyə, İran və Gürcüstanla əhatə olunan Ermənistanın Orta və Cənub dəhlizə çıxışı xüsusilə Azərbaycan və Gürcüstan üzərindəndir. İrəvanın Avropaya yolunun açılması üçün ən münasib coğrafi aktor Türkiyədir. Söz yox ki, İranla münasibətləri normal səviyyədə olan Ermənistan üçün bu ölkə üzərindən Avropaya çıxış əlverişli sayılmır. Ən azından bəzi ərəb ölkələri ilə əlaqələri heç də yaxşı olmayan İran Ermənistana havadarlıq etməyə çalışan Hindistan üçün də müəyyən iqtisadi platformalarda əlverişli tərəfdaş hesab edilə bilməz. Deməli, Yeni Dehli İrəvana dəstək göstərməklə özünün strateji maraqları üçün rəsmi Bakının və Tiflisin diqqətini özünə cəlb eləməyə, Cənubi Qafqazda strateji maraqlarının müdafiəsində dayanan Moskva ilə anlaşmaq üçün rıçaq əldə etməyə çalışır.

Ermənistan hərbiçilərinin yetişdirilməsi baxımdan da Hindistanın dəstək göstərməsinə dair informasiyalar var. Söz yox ki, bu amil də, Yeni Dehlinin strateji maraqlarının tərkib hissəsidir.

Hindistanın Ermənistanla yaxınlaşması və Cənubi Qafqaza bu qədər açıq şəkildə maraq, İrəvana isə silah satışı ilə dəstək göstərməsi G-20 çərçivəsində həmfikir olduğu qərbli tərəfdaşlarının diqtəsi və ya təkidi ilə də meydana çıxa bilər.

Yeni Dehlinin Ermənistanla münasibətləri fonunda Fransanın da Hindistanla paralel oxşar addımlar atması bunu deməyə əsas verir ki, Rusiya ilə birgə müxtəlif məqsədli hərbi təlimlər keçirən Yeni Dehli Qafqaz siyasətində Kremlin əleyhinə Qərb ölkələri ilə birləşib.

Bütün bunlarla yanaşı, Hindistanın tutduğu mövqe onun, Rusiyanın Qafqazdan sıxışdırılıb çıxarılmasında da maraqlı olduğunu aydın ifadə edir.

Əgər Hindistanın Türkiyə ilə münasibətlərini nəzərdən keçirsək, görərik ki, bu iki ölkə arasında hələ 1948-ci ildə qurulan diplomatik münasibətlərdə bu günədək elə bir ciddi qarşıdurma və ya anlaşılmazlıq baş verməyib. Onda, bu qənaətə gəlmək olar ki, Azərbaycan-Ermənistan münasibətlərindəki proseslərin gedişinə hər hansı mənfi təsir göstərəcək addım atmaq Hindistanın Türkiyə ilə münasibətlərini və ən əsası da illik həcmi 7 milyard dollara yaxın olan ticari əlaqələrini təhlükə altına atmış olar. Söz yox ki, Yeni Dehli Ermənistanla bağladığı 250 milyon dollarlıq müqaviləyə görə, Türkiyə ilə milyardlıq münasibətlərini sual qarşısında qoymayacaq. Bu, ən azından, onun strateji maraqları ilə uyğunluq təşkil ertmir.

Bütün bu məqamları bir nöqtədə cəmləyəndə, belə bir qənaətə gəlmək olur ki, Hindistan yuxarıda dediyimiz kimi, Böyük İpək Yolunda mühüm rol oynayacaq tərəf olmağı hədəfləyir. Böyük İpək Yolunun keçdiyi əsas xətt isə daha çox türkdilli və Azərbaycanla yüksək səviyyəli münasibətlərə malik respublikaları əhatə edir. Hansı ki, bu ölkələrlə, o cümlədən Çinlə Türkiyənin də çoxşaxəli əlaqələri və strateji münasibətləri mövcuddur. Deməli, Yeni Dehlinin məqsədi Ermənistanla silah ticarətindən gəlir əldə etmək, yaxud İrəvanı müdafiə etmək yox, bundan vasitə olaraq istifadə etməklə öz maraqlarının pərdəarxası məqamlarını reallaşdırmaqdır.

Hər halda, hətta Hindistan açıq formada Ermənistanı müdafiə etmək niyyətinə düşsə belə, başqa güclərin regional maraqları ilə toqquşmalı olacaq, bu isə Yeni Dehlinin gələcək siyasətində ciddi burulğanlara gətirib çıxara biləcək. Təkcə enerji sahəsində dünyanın ən etibarlı tərəfdaş kimi qəbul etdiyi rəsmi Bakıya qarşı oynamaq Yeni Dehli üçün heç bir xeyirli nəticə vəd eləmir.

Onun İrəvana satdığı silahlar Qafqazda Hindistan əleyhinə partlayışın təməli olacaq.

 Teymur Zahidoğlu