Ukayna cəbhəsində Avropanı tələyə salan ABŞ-Rusiya müttəfiqliyi – STRATEJİ ANALİZ

NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin (SACEUR) Ali Baş Komandanının qərargahı alyansın “Steadfast Defender 2024” təlimi haqqında açıqladığı plan hərbi təlimlərin rəsmi olaraq başladığını, daha doğrusu, hazırlıq mərhələsinə start verildiyini ehtiva edir.


Yanvarın 31-də başlayıb mayın 31-dək davam etməli olan bu hərbi təlimlər Şimali Atlantika Alyansının 1988-ci ildən bəri ən böyük hərbi təlimidir.

“Steadfast Defender 2024” 31 müttəfiqin və hələ də Alyansa qəbul edilməsi müşkülə dönən İsveç hərbçiləri bir araya gətirir. Təlimdə 90 000 həfərlik hərbi kontingentin, eyni zamanda 50-yə yaxın döyüş gəmisi, 80 təyyarə və 1100 ədəd quru hərbi texnikası, o cümlədən 133 tankın cəlb edilməsi planlaşdırılır.

Alyans Şimali Amerikadan olan qüvvələrin transatlantik hərəkəti vasitəsilə Avro-Atlantik regionunu gücləndirmək qabiliyyətini nümayiş etdirməyi nəzərdə tutur.
Bəzi dairələr hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin hələ də müəmmalı qalan sonluğu Şimal Alyansını və Avropanı hərəkətə keçməyə vadar edib. İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük hərbi-siyasi münaqişə olan Rusiya-Ukrayna müharibəsi nəinki regionda, hətta qlobal səviyyədə çoxlu sayda suallar meydana gətirib.

İndi Avropanı düşündürən ən böyük amil bu qitədə təhlükəsizlik məsələləridir. Bu da, dünyanın ən güclü hərbi-siyasi alyansı hesab edilən NATO-nun bölgədə möhkəmlənməsini labüdləşdirir. Mövcud reallıqların ortaya atdığı sualların Avropa ölkələrində strateji baxışlarda və siyasi davranışlarda çaşqınlıq və fikir ayrılığı meydana gətirdiyi bütün çılpaqlığı ilə sezilir.

Bu günkü Rusiya-Ukrayna müharibəsinə gətirib çıxarmış proseslərin ən dərin pərdəarxası məqamlarına tamam başqa aspektdən baxmağa çalışaq.

İndi bütün dünya tərəfindən əks qütbdə dayanan iki böyük güc kimi qəbul etdiyi ABŞ və Rusiyanın müttəfiqliyini zəruriləşdirən amillərə, həmçinin bu iki ölkənin bir-birinə necə dəstək göstərdiyinin elementlərini tapmağa çalışaq.

2022-ci ilin fevralında Rusiya-Ukrayna mühahribəsinin başlamasından 23 gün əvvəl Ukrayna prezidenti Prezident V. Zelenskinin Amerikanın “The Washington Post” nəşrinə müsahibəsindəki maraqlı məqamlara diqqət edək:

Ukrayna lideri “Partnyorlarımız deyirlər ki, sabah Rusiya tərəfdən eskalasiya olarsa, müharibə başlaya bilər, sonra isə güclü sanksiyalar tətbiq olunacaq. Sanksiyalar siyasətindən və eskalasiya ehtimalından danışırıqsa, o zaman sual yaranır ki, siz niyə sanksiyaları indi tətbiq etmirsiniz, niyə eskalasiyanı gözləyirsiniz?” - deyərək, nə qədər ki, rəsmi Moskva Ukraynaya hərbi müdaxilə etməyib, Kiyevin Qərbdən Rusiyaya qarşı qabaqlayıcı iqtisadi və siyasi sanksiyaların tətbiq olunmasını istədiyini açıqlayıb.

Lakin bu çağırışlara müsbət cavab verilməyib. Avropa susqunluğunu belə izahı edib ki, sanksiyaların hazırlanmasının özü belə artıq Rusiyanın cilovlanması deməkdir.

Belə ki, həmin dövrə qədər, konkret desək, 2021-ci ilin ikinci yarısında dünya enerji qiymətləri rekord həddə yüksəlməyə başladı, neft və qaz ixracatı həyata keçirən Rusiyanın dövlət büdcəsinə böyük məbləğli vəsait daxil oldu. Rusiya Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2020-ci ilin dekabrından 2021-ci ilin noyabrına qədər Rusiya təkcə mineral və yanacaq ixracından 200 milyard dollardan çox gəlir əldə edib ki, bu da Rusiyanın bütün ixracının 43 faizdən çoxunu təşkil edir. Deməli, ABŞ-nin birbaşa və dolayı təsiri altında olan Avropa ölkələrinin Ukraynada müharibə başlayana qədər Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi təsadüf deyil.

Hərçənd, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən indiyədək dünya ölkələrinin bəziləri, xüsusilə Avropa İttifaqı ölkələri rəsmi Moskvaya qarşı 15 mindən çox sanksiya tətbiq edib. Bu sanksiyaların Rusiya iqtisadiyyatına ciddi şəkildə mənfi təsir göstərəcəyi və bu ölkənin valyutasının defolta məruz qalacağı proqnozlaşdırılırdı. Amma gözlənilənlər əks nəticə verdi.

Dünyanın aparıcı araşdırma institutları və Kütləvi İnformasiya Vasitələrinin iddiasına görə, 2023-cü ilin iyul ayına qədər Rusiyanın Ukrayna ilə müharibədəki gündəlik xərci təxminən 300 milyon dollara bərabər olub. Bu da həmin il üçün planlaşdırılan xərclərdən daha çoxdur. Buna baxmayaraq, Rusiya hərbi büdcəsini iki dəfə artırıb. “Forbes”in Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatlarına əsaslanaraq apardığı hesablamalara görə, müharibənin 18 ayı ərzində (24 fevral 2022-ci ildən 24 avqust 2023-cü ilə qədər) itirilmiş Rusiya hərbi texnikalarının və döyüş vasitələrinin dəyəri və digər müdafiə xərcləri hərbi əməliyyatlara dəstək (51,3 milyard dollar), hərbi maaşlar (35,1 milyard dollar), həlak olanların ailələrinə (25,6 milyard dollar) və yaralılara təzminat (21 milyard dollar) və məhv edilmiş texnikanın dəyəri (34 milyard dollar) təxminən 167,3 milyard dollar təşkil edib.

Maraqlıdır ki, bütün bunların fonunda Rusiyanın zəifləməsi və ya zəiflədilməsi mümkün hesab edilmir.

Rəsmi Moskvaya sanksiya tətbiq edən Avropa ölkələri hesab edirdilər ki, Rusiya iqtisadiyyatının böyük hissəsi Avropa istehsallı məhsulların idxalından asılıdır və qadağalar bu ölkənin iqtisadi sütunlarını əyəcək. Burada bir məqama diqqət yetirmək gərəkdir ki, Avropa ölkələrinin böyük əksəriyyətinin iqtisadiyyatı üçün önəmli əhəmiyyətə malik olan istehsal sahələrində tələb olunan xammalın böyük hissəsini Rusiyadan alınan minerallar, filizlər, eləcə də digər zəruri elementlər və yanacaq təşkil edir. Deməli, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar həm də bu ölkələrin özlərini qənaət rejiminə keçməyə, eləcə də ehtiyatlardan daha səmərəli şəkildə istifadəyə etməyə məruz qoyur.

Söz yox ki, bu vəziyyət, Rusiyaya qarşı sanksiyalara qoşulmuş ölkələrin öz iqtisadiyyatına da mənfi təsirsiz ötüşmür. Digər tərəfdən, həmin dövlətlərin Ukraynaya ayırdığı bütün növ yardımlar, eləcə də Ukraynadan Avropaya köç etmiş qaçqınların saxlanmasına sərf edilən vəsaitlər bu ölkələrin iqtisadi resurslarını zəiflətməmiş deyil.

Bəs bütün bu proseslərin kökündə nə dayanır, 27 Avropa ölkəsini, eləcə də Portuqaliya, Fransa və İspaniyanın tabeçiliyində olan Avrpadan kənar 10 ölkəni, ümumilikdə 37 ölkəni əhatə edən Avropa İttifaqının Rusiya ilə üz-üzə qalmasının səbəbi nədir? Bu sualın fonunda yazının əvvəlində qeyd etdiyimiz kimi, NATO-nun Avropadakı ən irimiqyaslı təlimi haqda informasiyanı xatırlayaq.

Rusiya-Ukrayna müharibəsi başlayana qədər, iqtisadi baxımdan güclənən Avropa ölkələri arasında artıq vahid Avropa Ordusunun yaradılması haqqında ideyalar meydana gəlmişdi və fikir bu günün özündə də aktualdır. Sonuncu dəfə İtaliyanın xarici işlər naziri Antonio Tayani “Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək vahid ordusunu yaratmalıdır” deməklə vahid Avropa Ordusunun zəruriliyini bir daha diqqət mərkəzinə gətirib.

2002-ci ilin 1 yanvarından nağd əskinaslar şəklində dövriyyəyə buraxılan “Avro”nun Avropa dövlətlərinin böyük bir qrupu – 20 ölkəsi tərəfindən rəsmi pul vahidi kimi qəbul edilməsi, söz yox ki, bütün dünyanın ticarət sektorunda xüsusi dəyərə və çəkiyə malik olan ABŞ dolları üçün ciddi zərbə idi.

Təkcə 2006-cı ilin dekabrında dövriyyədə 610 milyard avro var idi ki, bu da dövriyyədə olan ABŞ dollarından dəyərcə çox idi.

Deməli, dünya və Avropa bazarında güclənən Avronun ideya müəllifləri bu pul vahidinin uğurlu tətbiqindən sonra vahid Avropa Ordusunun da yaradılması ideyasını ortaya atdılar.

Kiçik Asiya və Yaxın Şərqdə baş verən proseslərin meydana gətirdiyi təhlükəsizlik problemlərinin Avropaya sıçrayacağından və Rusiyanın bölgədə hegemonluğunun artmasından ehtiyatlanan Avropa İttifaqı ölkələri vahid ordu ideyasını gerçəkləşdirmək istiqamətində fəallığı artırdığı bir vaxtda Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasını zərgər dəqiqliyi ilə işlənib hazırlanmış ABŞ-Rusiya anlaşmasının aydın konturu kimi qəbul etmək mümkündür.

Getdikcə güclənməkdə olan Avropanın vahid ordu yaratmaq ideyası reallaşacağı təqdirdə, Birləşmiş Ştatların bu qitə üzərindəki təsir rıçaqları öz gücünü itirəcək və NATO-nun mövcudluğu sual altına düşəcəkdi. Bir tərəfdən də Avropa İttifaqının vahid ordu yaratması həm də Rusiya üçün heç də arzuolunan deyil... Tarixi təcrübəyə əsaslansaq, Avropada güclü orduların yaranması həmişə bütün dövlətlərdən əvvəl Rusiyaya ciddi problemlər gətirib.

Bütün arqumentləri nəzərə alanda belə qənaətə gəlmək olar ki, Ukraynada baş verən müharibə ABŞ-Rusiya müttəfiqliyinin, yaxud NATO-Rusiya anlaşmasının yekunudur.

Ukraynaya edilən hərbi və maliyyə yardımlarının, eləcə də Rusiyaya sanksiya tətbiq edib, bu ölkə tərəfindən verilən adekvat reaksiyalarla üzləşərək hərbi, iqtisadi resurslar baxımından zəifləyən Avropa İttifaqı ölkələrinin NATO-ya sığınmaqdan və onun himayəsinə möhtac olmaqdan başqa çıxış yolu qalmır. NATO-nun Şərqə doğru genişlənməsi adı altında həyata keçirilən bu ABŞ-Rusiya müttəfiqliyi Avropanın daha da güclənib həm Vaşinqtona, həm də Moskvaya ciddi rəqib olması ideyasını ən azından qeyri-müəyyən zamanadək təxirə salır.

Amerikanın sabiq prezidenti Donald Trampın yenidən hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsinin başa çatmasına töhvə verə biləcəyi bağlı açıqlaması heç də təsadüf deyil. Məlum olduğu kimi, ABŞ-də vahid dövlət siyasəti mövcuddur və bu siyasətin yerinə yetirilməsində prezidentlərin şəxsi fikirləri o qədər də ciddi əhəmiyyət daşımır. Deməli NATO-nun mövcudluğunu qorumaq məsələsini Co Bayden administrasiyası, alyansın Avropada daha da möhkəmlənməsinin məsuliyyətini hakimiyyətə gələcək yeni prezidentin administrasiyası bölüşəcək.

Ukraynadakı müharibənin həlli ilə bağlı Rusiya Federasiyası rəhbərliyinin də rəyi, yəni Kiyevin Moskva üçün təhlükləli tryuklara imza atmaması məsələsində sərgilədiyi prinsipal mövqe barəsində danışdığımız ABŞ-Rusiya müttəfiqliyinin tərkib hissəsidir.

Əgər Ukraynanın gözlənilmədən Şimal Alyansına qəbul edilməsi baş verərsə, bu qənaətə gəlmək olar ki, ya Vaşinqton-Moskva anlaşmasında tərəflərdən biri qaydanı pozub, ya da başqa regional proseslərdə hansısa razılıq əldə edilib.

Bütün bu proseslərdə Türkiyənin mövqeyi də Ankaranın bu müttəfiqlikdən xəbərdar olduğunu ortaya qoyur. Avropa İttifaqına üzvlük məsələsində dalana dirənən Türkiyə Ukraynaya hərbi və humanitar yardım göstərir, Kremllə əməkdaşlığını inkişaf etdirir, Moskva və Kiyev arasında vasitəçiliyə cəhd edir, bir tərəfdən isə İsveçin NATO-ya üzvlük məsələsində şərtlər irəli sürür. Deməli, Cənubi Qafqazda maraqları çarpazlaşan ABŞ və Rusiyanın gələ bildiyi ortaq məxrəclərdə Türkiyə həm söz sahibidir, həm də beynəlxalq siyasətdə güclü rıçaqlara malik olduğunu ortaya qoyur.

Teymur Zahidoğlu
Ordu.az