Norveçdən olan səyyahlar Füzuli və Şuşada səfərdə olub

Norveçdən olan bir qrup səyyah Füzuli və Şuşa şəhərlərində olub.

Bu ölkənin beynəlxalq səyyahlardan ibarət dünyaca məhşur “Vagaclub” milli klubunun 30 nəfərlik heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib.

Daha sonra Füzuli şəhərinə gedən səyyahlar bu yaşayış məntəqəsinin işğal zamanı dağıdılmış ərazilərinə baxış keçirib, həmçinin işğaldan azad edildikdən sonra burada aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.

Qonaqlar doğma yurdlarına qayıdan sakinlərin yaşayış kompleksində olub, geri dönən füzuililər üçün yaradılmış şəraitlə maraqlanblar.

Füzuli şəhərindən birbaşa Şuşaya yollanan klub Şuşa qalasının divarlarını ziyarət edib. Onlara şəhərin tarixi haqqında məlumat verilib, qala divarlarının tikilməsindən bəhs edilib.

Qonaqlar, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala divarlarının uzun müddət şəhəri xarici müdaxilələrdən qoruduğu haqqında və şəhərin alınmazlıq simvolu olması barədə, həmçinin işğal altında olduğu müddət ərzində bu tarixi abidənin vandalizmə məruz qalmasına dair xeyli sayda informasiya əldə ediblər.

Klub, işğaldan azad edildikdən sonra şəhərin bir çox əhəmiyyətli tarixi memarlıq nümunələrində, eləcə də qalada aparılan təmir-bərpa işləri də yaxından tanış olublar.

Səyyahlar Şuşada Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Şuşa qalasının “Gəncə qapısı” adlanan hissəsində  və Cıdır düzündə olub, şəhərin əsrarəngiz gözəlliyinə tamaşa ediblər. Klub üzvləri  Şuşa səfəri başa çatdıqdan sonra  Ağdama yola düşüb.

Xatırladaq ki, səyyahlardan ibarət qrupun bu səfəri  “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli dünya səyyahı Jorn Augestadın başçılığı altında reallaşıb.

Heyət arasında gənc səyyahlar  daha çox üstünlük təşkil edir.  Əksəriyyəti indiyədək dünyanın 150-dən çox ölkəsəinə səyahət etmiş qrup üzvlərinin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkəti planlaşdırlır.

İndiyədək, xarici səyyahlardan ibarət qruplar Qarabağa 10 dəfə səfər edib. Ümumilikdə 46 ölkədən olan 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyəti yaxından müşahidə edib, Qarabağ müharibəsi haqqında həqiqəti əks etdirən dolğun məlumat toplaya bilib.