YEKUN ANALİZ| İfşa olunan casus şəbəkələri: Kim nə istəyir?

Son bir neçə ildə Azərbaycanda xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinərək həbs olunan, qanunsuz silahlı dəstələrə, terrorçu qruplaşmalara qoşulmaqla xarici ölkələrdə döyüş əməliyyatlarında iştirak etmiş, dünyanın müxtəlif nöqtələrindəki münaqişə ocaqlarında vuruşmaq məqsədilə ayrı-ayrı dövlətlərin ərazisindəki hərbi bazalarda döyüş təlimi keçmiş Azərbaycan vətəndaşlarının saxlanılması haqqında xəbərlərə belə desək, tez-tez rast gəlmək olur.


Bununla yanaşı, ölkəyə gətirilən və ya Azərbaycan ərazisindən tranzit kimi istifadə olunmaqla daşınmasına cəhd edilən narkotik vasitələrin yerli hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək dövriyyədən çıxarıldığına dair informasiyalar da KİV-lərin əsas xəbər başlıqlarından olur.

Ölkəyə qarşı yönəlmiş kibertəhlükəsizlik təhdidləri, həmçinin bu kimi digər cinayət növlərinin qarşısının alınmasında da Azərbaycan kəşfiyyat orqanlarının təqdirəlayiq xidmətini əks etdirən məlumatlara da vaxtaşırı rast gəlirik.

Bu tip xəbərlərin miqyası 2018-ci ildən günümüzədək xeyli çoxalıb. Xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən Azərbaycan vətəndaşlarının əməkdaşlığa cəlb edilməsinə maraq təbiidir. Nəhəng dövlətlərlə müqayisədə ərazisi o qədər böyük olmasa da, geopolitik mövqeyinə, dünyadakı proseslərdə iştirak payına, Qafqaz ölkəsi kimi bölgədəki nüfuzuna, Ermənistan istisna olmaqla, qonşu ölkələrlə siyasi, iqtisadi əlaqələrinin çoxşaxəliliyinə və beynəlxalq iqtisadi platformalardakı müstəqil roluna görə Azərbaycanın diqqət mərkəzində olduğu danılmazdır. Bu da, güclü və Qafqaz bölgəsində marağı olan dövlətlərin Azərbaycanda hər hansısa formada qeyri-leqal fəaliyyət sisteminin mövcudluğuna ciddi ehtiyac yaradır. Bunun üçün ən münasib sistem ölkədə maraqlı dövlətlər tərəfindən casus şəbəkəsinin qurulmasıdır. Bu metod dünyanın hələ sivilaziyaya qədəm qoymadığı dövrdən bu yana bütün tarix boyu tətbiq edilib, müxtəlif zamanlarda müxtəlif adlarla tanınıb.

Zaman-zaman dövlətlərin meydana gəlməsi, orduların formalaşması bu istiqamətdə yeni tələblərin ortaya çıxmasına səbəb olub. Günümüzə qədər dövlətlərarası mübarizələr onların hər birinin hərbi sisteminin qurulmasında, silahlı mübarizə metodlarının şaxələnməsində baş verən təkmilləşmə prosesi bu sahələrin daha da mükəmməl mübarizə mexanizminə çevrilməsi ilə nəticələnib. Bizim eranın başlanğıcına qədər də mərkəzləşmə prosesi keçən dövlətlərin ordularında rəsmən kəşfiyyat adlandırılmasa da, bu xidməti yerinə yetirən bölmələrin mövcudluğuna dair xeyli sayda informasiya mövcuddur. Bir sözlə, ta qədimdən indiyədək bu sahə dövlətlərin mövcudluğunda mühüm rol oynayıb.

Müasir dünyada kəşfiyyat anlamı təkcə hərbi məna kəsb etmir, bu, həm də iqtisadi, sosial, elmi-texniki sahələri də ehtiva edir. Buna görə də nəinki düşmən ölkələr, hətta ən yaxın strateji tərəfdaş dövlətlər bir-birlərinə qarşı kəşfiyyat fəaliyyəti qurur, ən mühüm və məxfi informasiyaların əldə edilməsi üçün yetərincə resurs xərcləyirlər.

Bir dövlətin öz xeyrinə digər dövlət(lər)in vətəndaşlarını casusluğa cəlb etməsi üçün müxtəlif metodlardan istifadə olunur. Bura vətəndaşların milli mənsubiyyətindən tutmuş ictimai-siyasi baxışları, dini inancları, məzhəb anlayışları, xarakter pozğunluğu, maddiyata hərisliyi, hansısa səbəbdən dövlət qurumlarına, vəzifəli şəxslərə qarşı incikliyi, kinli olmasına qədər amillər öyrənilir, təhlil edilir, hədəf seçilmiş şəxs üzrə iş aparılır, sınaqlar keçirilir və məqbul nəticələrdən sonra əməkdaşlığa başlanılır.

Müasir metodologiyada ən çox üstünlük verilən cəlbetmə üsulları dini inanclar, məzhəb anlayışları və bunlarla birbaşa bağlılıq təşkil edən maddi maraqların qarşılanmasıdır.

Son dövrlərdə xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilməkdə və Azərbaycanın zərərinə casusluqda şübhəli bilinərək saxlanılanların böyük əksəriyyəti maddi maraq naminə başqa dövlətin xeyrinə casusluq fəaliyyəti ilə məşğul olan şəxslərdir.
Bu kimi faktlar bütün dünyada, hətta kəşfiyyat və əks-kəşfiyyat orqanlarının nüfuzuna görə birinci yeri tutan ölkələrdə də qeydə alınır. 2016-cı ilin aprelində baş verən döyüşlərdəki qələbədən sonra müxtəlif ölkələrin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı fəaliyyəti demək olar ki, xeyli genişləndi.
Söz yox ki, həmin hadisələr zamanı ortaya qoyulan siyasi iradə, hərbi müfəvvəqiyyət dost olmayan, Qarabağ münaqişəsinin ədalətli həllini istəməyən ölkələrin, beynəlxalq təsisatların heç də ürəyincə deyildi. Bu üzdən də, rəsmi Bakıya qarşı müxtəlif formalı basqılar, siyasi təzyiqlərlə yanaşı, ölkə daxilində casus şəbəkələrinin genişləndirilməsi işi də sürətləndi.

Son bir ilin təcrübəsi onu deməyə əsas verir ki, Azərbaycan xüsusi xidmət orqanlarının ayıq-sayıqlığı ölkənin zərərinə fəaliyyət göstərən xeyli sayda casus şəbəkəsinin, həmçinin Azərbaycanda terror törətmək niyyətində olanların ifşa edilməsi ilə nəticələnib. Bütün bunlarla bərabər, yəqin ki, istintaq və ya əməliyyat sirri ehtiva etdiyinə görə cəmiyyətə açıqlanmayan hadisələr də yox deyil... Danılmaz ehtimaldır ki, ölkə daxilində Azərbaycan dövlətinə, onun suverenliyinə, müstəqlliyinə qarşı çıxış etmək, başqa dövlətlərin maraqları naminə fəaliyyət göstərmək istəyən fərdlər və ya qruplar, xarici xüsusi xidmət orqanları tərəfindən ələ alınmış vətəndaşlar yenə də var. Amma bunların mövcudluğu o demək deyil ki, Azərbaycan kəşfiyyat və əks-kəşfiyyat orqanları bu fəaliyyətlərdən xəbərsizdir. Bu günə qədər Azərbaycan dövlətçiliyinə, milli təhlükəsizliyə yönələn bütün təhdid və təhlükələrin qarşısının vaxtında alınması ölkənin xüsusi xidmət orqanlarının fəaliyyət sisteminin hansı səviyyədə olmasının bariz göstəricisidir. Azərbaycan kəşfiyyat orqanlarının dünya dövlətlərinin anoloji qurumları ilə əməkdaşlığı sayəsində ölkədən xaricdə keçirilmiş bir neçə əməliyyatın uğurla tamamlanmasını da misal çəkmək olar ki, nəticə etibarilə, xaricdən ölkəyə qarşı planlaşdırılan xeyli sayda terror əməli, kibercinayətkarlıq faktı qabaqlayıcı tədbirlərlə müşaiyət olunub, şübhəlilər həbs olunaraq günahları sübuta yetirilib və onlar ədalət mühakiməsinə çıxarılıb.

Son illər ərzində dünyanın ən təhlükəli bəlasına çevirilən narkotik vasitələrin yayılmasına qarşı tədbir görmək də Azərbaycan hüquq-mühafizə orqanlarının ən ümdə vəzifəsidir. Bütün dünyanı çulğamış bu bəlanın, hələ də gəncliyi və vətəndaşları sağlam təfəkkürə malik olan Azərbaycana yönəldilməsi güclü və dost olmayan ölkələrin xüsusi xidmət orqanlarının fəaliyyət planının tərkib hissəsidir. Narkotik vasitələrin ölkə ərazisində yayılmasına qarşı Azərbaycan hüquq-mühafizə orqanlarının, dövlət qurumlarının, xüsusilə Dövlət Sərhəd Xidmətinin mübarizəsinə rəğmən, statistika göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində, onun insanların həyatına ən real təhlükəyə çevirilməsində xüsusilə İran və Ermənistan kimi qonşu dövlətlərdə maraqlı olan dairələr var, bu güc mərkəzlərinin fəaliyyəti yalnız və yalnız Azərbaycanın milli təhlükəsizliyinə zərbə vurmaqdan, vətəndaşların “ağ ölüm”ə yoluxdurulmasından ibarətdir.

Son bir ildə İrandan Azərbaycana narkotik vasitələrin keçirilməsinə edilən cəhdlərin sayına nəzər yetirsək görərik ki, bu ölkədəki bəzi siyasi dairələrlə yanaşı cinayətkar qrupların da Azərbaycan Respublikasına qarşı tutduğu mövqe ancaq və ancaq milli təhlükəsizliyi sıradan çıxarmaq, dövlətin mənbəyini-xalqı məhvə doğru yuvarlamağa hesablanıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə narkokuryer kimi cəlb edilmiş şəxslər də Azərbaycan ərazisində İranın xeyrinə əməkdaşlığa cəlb olunmuş casus şəbəkələri ilə mahiyyətcə eynidir. Onların hamısının fəaliyyəti nəticə etibarilə eyni əhəmiyyətə malikdir, məqsəd birdir: Azərbaycan dövlətini sarsıtmaq...

2020-ci ildə 44 günlük Vətən müharibəsindən qələbə ilə çıxan Azərbaycanın bu nailiyyəti ölkənin ərazi bütövlüyünün tamamlanmasında maraqlı olmayan, ermənilərə havadarlıq edən ölkələrdən bir çoxunda ciddi qıcıq formalaşdırdı.

Söz yox ki, bu da həmin ölkələrin siyasi rəhbərliyi ilə yanaşı xüsusi xidmət orqanlarının da Azərbaycana qarşı fəaliyyət istiqamətində və gələcək planlarının həyata keçirilməsində mənfi çalarların birdən-birə çoxlamasına gətirib çıxardı.

Bu isə Azərbaycan Respublikasının kəşfiyyat, əks-kəşfiyyat, hərbi əks-kəşfiyyat orqanlarının sayıqlığı sayəsində aşkara çıxarıldı və müharibədən sonrakı dövrdə xarici ölkələrin xeyrinə işləyən xeyli sayda casus və casus şəbəkəsi ifşa olundu.

Dini sferada da fəaliyyət göstərən casus şəbəkələrinin aşkara çıxarılması Azərbaycana qarşı yönəlmiş təhdidlərin miqyasının genişliyindən xəbər verir.

Din pərdəsi arxasında dağıdıcılıq və terrorçuluq əməllərinin yayılması istiqamətində bəzi ölkələr tərəfindən həyata keçirilən fəalliyyət formalarının Azərbaycanın hüdudlarından içəridə işləyə bilməməsi də yerli hüquq-mühafizə, eləcə də kəşfiyyat və əks-kəşfiyyat orqanları tərəfindən yerinə yetirilən peşəkar xidmətin təzahürüdür.

Söz yox ki, təhdid və təhlükələrin qarşının alınması Azərbaycana qarşı düşmənçilik fəaliyyəti ilə məşğul olan xarici xüsusi xidmət orqanlarını daha yeni metotdlara, daha çaşdırıcı üslublara əl atmağa vadar edir... Çətinləşən situasiyalarda, ölkənin mövcudluğu təhlükə ilə üzləşəndə, onu qorumağın məsuliyyəti təkcə adiyyatlı qurumların üzərinə düşmür... Firavan ölkə qurub gələcək nəsillərə əmanət etməyin yolu ancaq və ancaq 44 günlük Vətən Müharibəsindəki kimi səfərbər olmaqdan keçir...

Teymur Zahidoğlu
Ordu.az