Qəzzadan Ukrayna cəbəsinə atılan raket və ya İsrailə qarşı başlamış gizli oyunlar – ANALİZ

Son üç gündə bütün dünyanın diqqətini özünə cəmləyən, abreviaturasının açılışı ərəbcədə “Harakat Al-Muqawama Al-Islamia” olan İslami Müqavimət Hərəkatının (HƏMAS) İsrailə qəfil və sürətli hücumunun arxasında milli düşmənçilik elementləri ilə yanaşı başqa siyasi-hərbi maraqların dayandığına dair çoxlu ehtimallar var.


Bölgədə baş verən çoxşaxəli prosesləri yaxından izləyən elmi-siyasi mərkəzlərin, diplomatik təsisastların, ayrı-ayrı politoloq və şəhçilərin əksəriyyəti belə hesab edir ki, Qəzza zolağından İsrailə təşkil edilən hücumlar təkcə milli mübarizə və ya etnik düşmənçilik səbəbi ilə gerçəkləşdirilməyib.

Hadisələrin hərəkət trayektoriyasının təhlili göstərir ki, İsrail xüsusi xidmət orqanları HƏMAS-ın təlimləri, onun genişmiqyaslı hücuma hazırlaşdığı haqqında ilkin və ya ibtidai informasiyalara malik olub, hətta misirli həmkarları tərəfindən də bu barədə xəbərdar ediliblər. Amma rəsmi Təl-Əviv bütün bu informasiyaları susqunluqla qarşılayıb. Bəzi şərhçilər bunu İsraildə son zamanlar müşahidə olunan dövlət-hökumət qarşıdurmasının təzahürü kimi qələmə verir, bəziləri isə hesab edir ki, ölkə ictimaiyyətində parçalanmanın mövcudluğu dövlət və hökumət strukturlarının idarəetməsində boşluqlar yaradıb, bu da məlum hadisələrdə təsirsiz ötüşmədi…

Hərçənd, ölkənin daxilində məhkəmə islahatları və dini aspektlərin inkişaf etdirilməsi məsələsində hökumət və dövlət arasında qarşıdurma mövcud olsa da, bu səbəbdən İsrail hüquq-mühafizə orqanlarının və təhlükəsizlik qüvvələrinin öz işində boşluğa yol verə bilməsi heç inandırıcı görünmür.

Bununla yanaşı, İsrail kimi güclü dövlət quruluşuna və həssas təhlükəsizlik qüvvələrinə malik bir dövlətin ərazisinə bu qədər asanlıqla havadan, sudan, qurudan daxil olmağın mümkünlüyü ağlabatan olmasa da, fakt ortadadır… Bəs İsrail təhlükəsizlik qüvvələrinin hadisələrə adekvat reaksiyasının ləngiməsinə səbəb, yaxud bu məsələdə “gecikmə”nin məqsədi nə idi?

1987-ci ildə mahiyyət etibari ilə islamçılıq ideologiyası əsasında qurulan HƏMAS hərbiləşdirilmiş siyasi partiya olaraq özünü Fələstinin azadlığı uğrunda mübarizə aparan təşkilat kimi təqdim edir. Tarixçəsində yəhudilərə qarşı intiharlı partlayışlardan tutmuş silahlı basqınlara kimi bir neçə əməliyyat yer alır.

Dünyanın bir neçə ölkəsi, eləcə də terror təşkilatları tərəfindən dəstəklənir.

Hadisələrin gedişatı və tərəflərin açıqlamasını diqqətlə təhlil etdikdə, HƏMAS-ın Qəzza zolağından İsrailə son hücumunun məqsədini yuxarıda qeyd etdiyimiz kimi, təkcə milli-etnik, azadlıq mübarizəsi kimi qiymətləndirmək çətinləşir.

İsrailə hücumun arxasında kimlər və hansı məqsədlər dayana bilər?

Rəsmi Təl-Əvivin adekvat tədbirlərinin gecikməsi nə ilə əlaqədar oldu?


İndi bu iki sual bütün dünyanın şərhçilərini və siyasi mərkəzlərini düşündürür.

Birinci suala cavab axtarmağa çalışaq:

- HƏMAS-ın İsrailə qəfil hücumunu, bu əməliyyatın arxasında dayananların rəsmi Təl-Əvivi hansısa formada Ukrayna-Rusiya müharibəsinə cəlb etmək istəməsi kimi xarakterizə eləmək olar. Rusiya-Ukrayna müharibəsinə münasibətdə bacardığı qədər balansı qorumağa çalışan İsrail rəsmi Kiyevə silah və sursat, hərbi texnika baxımından yardım göstərməyib. Həmçinin Kremlə qarşı sərt sanksiyalara qoşulmaqdan da yayına bilib. İsrail hökuməti Ukraynadakı hərbi əməliyyatların fonunda Moskva ilə diplomatik münasibətlərini qoruyub saxlamağa çalışmaqla yanaşı, münaqişə tərəfləri arasında vasitəçi ola biləcəyini ifadə edib. Xatırladaq ki, Ukraynada 250 mindən çox yəhudi yaşayır. Bundan iki dəfə çox yəhudi isə Rusiya vətəndaşıdır. İsrailin Moskva və Kiyevlə mümkün qədər ehtiyatla davranmasının kökündə dayanan məsələlərdən biri də məhz budur.

Maraqlıdır, bəs HƏMAS-ın hücumu ilə İsrailin slavyan ölkələri üzrə diplomatiyasının nə kimi əlaqələri var?

HƏMAS-ın İsrailə atdığı beş mindən çox raketin markasına və onların istehsalçılarına diqqət edək:

- Məlumatlara görə, fələstinlilərin İsrailə atdığı raketlərin əksəriyyəti yerli istehsal olan primitiv quruluşlu “Qəssam” raketləri, Rusiya istehsallı “Qrad” qurğusundan buraxılan reaktiv artilleriya mərmiləri və eyni xüsusiyyətə malik İran istehsallı yaylım atəşli reaktiv sistem olan “Siccil-55”, “Bədr-3” tipli raketlərdir. HƏMAS-ın İsrailə hücumu zamanı Rusiya istehsallı “Kornet” tank əleyhinə sistemdən istifadə edildiyinə dair informasiyalar da mövcuddur. Qeyd edək ki, Ukrayna ilə cəbhədə döyüş aparan Rusiyanın silah və sursatla təchiz edilməsində İranın öz payı var. Eyni zamanda, Tehran Təl-Əvivə qarşı da müxtəlif formalarda fəaliyyət göstərir, hətta fələstinlilərin hücumu İranda bayram kimi qeyd edilib.

Görünür ki, HƏMAS-ın bu “əməliyyatı” Avropa institutları, yaxud onlara bağlı olan digər güc mərkəzləri ilə planlaşdırılıb və ya razılaşdırılıb, nəticədə baş vermiş məlum hücum İsraili Rusiya-İran müttəfiqliyinə qarşı çıxmağa vadar etmək cəhdi kimi xarakterizə oluna bilər.

Müxtəlif məsələlərdə aralarında fikir ayrılığının mövcudluğuna rəğmən, rəsmi Ankara və Təl-Əviv son zamanlar münasibətlərini yaxşılaşdırmağa çalışır, regional və beynəlxalq müstəvidə əməkdaşlığı genişləndirməyə maraq göstərirlər. Xatırladaq ki, Türkiyə fələstinliləri həmişə dəstəkləyir və buna görə də hücuma adekvat olaraq İsrailin Qəzza zolağında həyata keçirəcəyi cavab əməliyyatlarının Ankara tərəfindən sakit qarşılnamaya biləcəyi də hesaba alınıb ki, bu da yenicə mülayimləşməyə başlayan Türkiyə-İsrail münasibətlərini təhlükə altına ata bilər.

Bu hücumun arxasında Cənubi Qafqaza hesablanmış detalların mümkünlüyünü də nəzərə ala bilərik.

Türkiyə və İsrailin Cənubi Qafqaz üzrə siyasətində üst-üstə düşən əsas məqamlardan biri Ankara və Təl-Əvivin rəsmi Bakı ilə yaxın tərəfdaş olmasıdır. Bu iki dövlət 30 illik Qarabağ problemi məsələsində, həmçinin bu münaqişənin ədalətli həll edilməsində Azərbaycana müxtəlif formalarda dəstək göstərib. Bir tərəfdən də, Azərbaycan Silahlı Qüvvələrinin inventarında İsrail istehsallı xeyli sayda hərbi vəsait və vasitələr yer alır.

Nəzərə alaq ki, Qarabağ münaqişəsinə münasibətdə ermənilərin haqsız mövqeyinə tərəfdar çıxan fələstinlilərə həmişə Türkiyə tərəfindən dəstək verilir. Yaxın Şərq gərginliyinin tam mərkəzində olan fələstinlilər Türkiyə tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni-fələstin qardaşlığının mövcudluğundan bəhs edirlər.

Türkiyə kimi fələstinlilərə xüsusi himayədarlıq edən Tehranda Azərbaycan səfirliyinə bu ilin yanvarında baş vermiş silahlı hücum faktı ilə Azərbaycan-İran münasibətlərində gərginlik pik həddə çatdı. Təxminən 9 aylıq diplomatik gərginliyin fonunda, xüsusilə, Azərbaycan öz ərazi bütövlüyünü və Qarabağ İqtisadi Rayonunda öz konstitutsiyon quruluşunu tam bərpa etdikdən sonra Tehran və Bakı arasında gərginlik azaldılmağa başladı, hətta birgə iqtisadi layihələrin davam etdirilməsi istiqmətində addımlar atıldı.

Siyasi, iqtisadi münasibətlərini yenidən müzakirə masasına daşıya bilən Bakı və Tehran rəsmi Təl-Əvivlə münasibətdə biri İsraili dost-qardaş, biri isə qatı düşmən hesab edir.

Bir məqama da diqqət yetirək, Ermənistandan keçməsi nəzərdə tutulan Zəngəzur dəhlizi məsələsi rəsmi İrəvan tərəfindən dalana “sürüklənib”, bunun əvəzində isə alternativ olaraq dəhlizin İran ərazisindən keçə bilməsinə dair eyhamlar, hətta bu ölkədən keçməklə Naxçıvanı Azərbaycanın Şərqi Zəngəzur rayonları ilə birləşdirəcək dəmir yol xəttinin çəkilməsini təsdiqləyən real razılaşma mövcuddur, onda, HƏMAS-ın İsrailə hücumlarının region ölkələri üçün hansı fəsadlara gətirib çıxaracağını təxmin etmək heç də çətin olmur.

Deməli, İsrailə hücumu tək milli-etnik müstəvidə deyil, həm də dərindən düşünülüb hazırlanmış regional miqyaslı “əməliyyat” hesab eləmək olar.

Bu hücumun dünya silah bazarında müəyyən paya sahib olan İsrail silahlarına qarşı yönəlmiş addım olduğunu da düşünmək mümkündür. Sürətli və geniş miqyasda hücuma keçən fələstinlilərin tətbiq etdiyi metodlar silahlı basqınçılarla mübarizədə İsrail silahlarının yararsız, İsrail ordusunun isə çarəsiz qaldığının görüntüsünü yaratmağa da hesablanmış ola bilər. Bir anda minlərlə raketin İsrail ərazisinə atılması təbii ki, Təl-Əvivin hava hücumundan müdafiə qüvvələrinə müəyyən çətinlik yaratmaqla yanaşı, həm də dənizdən, qurudan, havadan İsrailin sərhədlərini aşan fələstinlilərlə mübarizədə ciddi maneələr törədib. Bu da söz yox ki, həm daixili auditoriyada, həm də beynəlxalqa səviyyədə İsrail Ordusunun nüfuzuna təsir göstərməmiş olmayacaq.

Məsələyə İsrailin aspektindən baxmağa və “Rəsmi Təl-Əvivin adekvat tədbirlərinin gecikməsi nə ilə əlaqədar oldu?” sualına cavab axtarmağa çalışaq.

İsrailin müxtəlif ranqlı şəxslərinin açıqlamalarından görünür ki, Təl-Əviv hücumdan xəbərdar olub, amma onun miqyasının böyük olacağı ehtimalına soyuq yanaşıb.

Bütün hallarda, kiçik və ya böyüklüyündən asılı olmayaraq, rəsmi Təl-Əviv ölkəyə hücumu çox soyuqqanlılıqla qarşıladı. Həm də taktiki baxımdan İsraili aldatmağa çalışan HƏMAS özü də İsrail tərəfindən aldadılmış oldu. Ölkənin daxilinə sızan fələstin silahlılarının İsrail Ordusu ilə mübarizədə üstülük əldə biləcəyini düşünmək heç bir halda ağlabatan deyildi və dərinliklərə doğru irəliləyən HƏMAS üzvlərinin zərərsizləşdirilməsi o qədər də qüvvə tələb etmirdi. Hərbi hissələrlə yanaşı mülki obtektlərə, dinc sakinlərə qarşı silah işlədən HƏMAS İsrail tərəfindən onun barəsində səsləndirilən “terrorçu” iddiasını Təl-Əvivin xeyrinə dəstəkləmiş oldu.

Hadisələrin “Hizbullah” və “İslam Cihad Təşkilatı” tərəfindən dəstəklənməsi də HƏMAS-ın hərbilədirilmiş siyasi partiya, milli azadlıq təşkilatı olmadığını görüntülədi.

Hadisələrə vaxtında adekvat reaksiya verməyən Təl-Əviv görünür ki, HƏMAS-çıları yaxına buraxmaqla onlara daha çox zərbə vurmaq, təlim keçmiş daha çox silahlı fələstinlini zərərsizləşdirmək, eyni zamanda, bu müddət ərzində HƏMAS liderlərinin mümkün rabitə, telefon vasitələrini, yaxud digər formadakı əlaqələrini izləməklə, hücumun arxasında dayanan güclərin də aşkarlanmasına çalışıb.

Bütün hallarda, uzun illərdir terror təşkilatları ilə mübarizə aparmaq təcrübəsinə malik İsrail ordusu və peşəkar xüsusi xidmət orqanlarının davranışları həm taktiki baxımdan, həm də strateji nöqteyi-nəzərdən hadisələri təhlil eləmək istəyənlər üçün anlaşılmaz qalır. Görünür ki, İsrail dövləti yaxın gələcəkdə region üçün daha təhlükəli amillərin meydana gələcəyi haqda informasiyalıdır və buna görə də hamını təəccübləndirəcək taktiki gedişlər edir.

Teymur Zahidoğlu
Ordu.az