Qarabağı kim “təhvil verdi”: Putin, yoxsa Paşinyan və ya Azərbaycan Ordusu düşməndən təmizlədi?!

2020-ci ilin noyabr ayının 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatdan sonra sürətlə qeyri-müəyyənliyə doğru irəliləyən Ermənistan-Rusiya münasibətləri az keçməmiş ritorika və ittihamlarla zənginləşməyə başladı.


Hətta ilk dəfə Ermənistan rəsmi olaraq, parlament sədri Alen Simonyanın dili ilə Rusiyanın Qarabağı təhvil verməsi fikrini səsləndirdi.

Hələ iki il əvvəl, Simonyan rusiyalı jurnalistlərlə söhbətində “…siz hesab edirsiniz ki, biz Qarabağı təhvil vermişik. Ermənistan cəmiyyətində də belə bir yanaşma və belə bir rəy var ki, Qarabağı Rusiya təhvil verib. Çünki əgər kimsə Qarabağı təhvil vermək istəyirdisə, burada “Lavrov planı” da daxil, bir neçə variantlar vardı”, deyib.

Söz yox ki, Rusiya Xarici İşlər Nazirliyi erməni spikerin “Qarabağı Rusiya təhvil verdi” iddiasına etiraz edərərək, “Bəzi erməni siyasətçilərin Rusiyanın ona məxsus olmayan Dağlıq Qarabağı təhvil verməsi kimi cəfəng fikirləri təkzib etməməsi və mahiyyət etibarilə belə əsassız mülahizələrlə həmrəylik nümayiş etdirməsi dərin təəssüf hissi doğurur” deyə bəyanat yaymışdı…

Və bu kimi qarşılıqlı ritorika və ermənilər tərəfindən rəsmi Moskvanın ünvanına ittihamların səsləndirilməsi bu günə qədər davam edir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bir neçə dəfə ifadə etməsinə rəğmən, hələ də “Qarabağın Rusiya tərəfindən təhvil verilməsi” kimi absurd fikrin təkrar-təkrar dövriyyəyə buraxılmasının arxasında nə dayanır? Bu ittihamın ortaya atılması birmənalı olaraq Nikol Paşinyanı himayə edən Qərb institutlarının işidir.

Yenidən bu fikrə qayıdaq: “Qarabağı Rusiya təhvil verdi…”

Maraqlı yanaşmadır. İttihamın bu cür qoyulması dolayısı ilə, həm də hüquqi baxımdan belə məntiq formalaşdırır ki, Qarabağı Ermənistan yox, Rusiya işğal edib və bu işğal olunmuş əraziləri qorumaq üçün uzun müddət Ermənistanın nəzarətinə verib. 2020-ci ildə isə ermənilərdən geri alaraq bu torpaqları öz sahibinə qaytarıb.

İndi rəsmi İrəvanda, həmçinin erməni siyasi elitasında bu fikrin səsləndirilməsi Ermənistanın məsuliyyətdən yayınmasını, işğal faktorunda erməni tərəfinin əli olmadığını isbat etməyə yönəlib.

Bunu N. Paşinyan bir müddət əvvəl parlamentdəki çıxışında da ifadə edib: “Serj Sarkisyanın stolda qoyduğu danışıqlar sənədi bu göstərici və formullarla dəyərləndirilsə, kapitulyasiya haqda sənəd idi. Serj Sarkisyan kapitulyasiya haqda sənədi hazır qoyub getmişdi”.

Nikol Paşinyan rəhbərlik etdiyi hökuməti Qarabağın Azərbaycanın ərazisi kimi tanımasına görə tənqid edənlərə keçmiş hakimiyyəti nümunə gətirərək, “Bunu bir neçə dəfə bildirsəm də, konkret demək istəyirəm. Hansısa hökumət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırdımı? Bəli, bu ilk dəfə Robert Koçaryanın prezidentliyi dövründə olub. Çünki o zaman Madrid prinsiplərini danışıqlar üçün əsas qəbul edəndə Ermənistan artıq Qarabağı Azərbaycan ərazisi kimi tanımışdı”. Paşinyan keçmiş xarici işlər naziri Vardan Oskanyan və sabiq prezident Robert Koçaryanla yanaşı, digər sabiq XİN başçısı Edvard Nalbandyan və eks-prezident Serj Sarkisyanı da təqsirli bilir: “Buna görə də, onlar hazırkı hakimiyyətin üstünə hər hansı təqsiri qoymalı deyil. İndi isterik açıqlamalar vermək lazım deyil”.

Ermənistan Baş nazirinin hədəfə aldığı siyasi fiqurların hamısı Rusiyameylli şəxslərdir. Burada da dolayısı ilə, hədəf Rusiyadır. Çünki Paşinyana qədərki bütün erməni siyasi elitasının Moskvaya yaxınlığı haqqında həm erməni mediasında, həm də dünya mətbuatında yetərincə versiyalar səsləndirilib.

Mövcud hakimiyyətin sülh gündəmini rəhbər tutduğunu ifadə edən Baş nazir regionda yekun sülhün bərqərar olması yolu ilə getmək niyyətində olduğunu açıqlamaqla da prosesə maneə yaradan qüvvənin əsasən Moskva olduğuna işarə vurmaq istəyir. O, getdiyi siyasi yolun son sülhün yolu olduğunu və sonacan da bu yol ilə gedəcəyini deyir. Paşinyan deyib ki, sələflərindən fərqli olaraq, getdiyi yolun hara apardığın görür və ən vacibi budur. Baş nazir sülh gündəminə əməl etmək niyyətində parlament çoxluğunun və xalqının dəstəyinə ümid etiyini də açıqlayıb.

2020-ci ilin payızınadək danışıqlar masasındakı təkliflər Qarabağın yekun hüquqi statusu tərəflərin razılaşdığı müddətdə, BMT-nin və ya ATƏT-in egidası altında Qarabağda yaşayanların iradəsini azad ifadə etməsi şəklində ümumxalq səsverməsi yolu ilə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq müəyyən edilir və hüquqi baxımdan icbari xarakter daşımasın nəzərdə tuturdu.

Amma nəticə etibarilə, bütün bu danışıqlardan yayınan rəsmi İrəvan 44 günlük müharibədəki məğlubiyyəti konteksdən çıxararaq, Rusiyaya qarşı ittiham səsləndirməyə başladı.

İşğal etdiyi ərazilərdən qovularaq çıxarılmasını Kremli günahlandırmaqla ört-basdır etməyə çalışan erməni diplomatiyası 30 il ərzində danışıqlar masasında mövcud olmuş bütün həll planlarını rədd edib.

Əslində, Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqları pozdu və bununla da danışıqlar predmeti olan “Lavrov planı”, “Madrid prinsipləri”, yaxud “Kazan formatı” əhəmiyyətini tamamilə itirdi.

Elə həmin ərəfədən etibarən Ermənistanda anti-Rusiya meyllərinin çoxaldığını demək mümkündür.

Ermənistan rəsmilərinin tez-tez Rusiyanın ünvanına ittihamlar səsləndirməsi, yuxarıda qeyd etdiyimiz kimi, işğal faktında İrəvandan daha çox Moskvanın günahkar bilinməsi yalnız və yalnız Qərb diplomatiyası tərəfindən hazırlanmış “siyasi resept”in təzahürüdür. Qərbə yaxınlaşmaq üçün Rusiyadan uzaqlaşmaq xəttini tutan Ermənistan hakimiyyəti sələflərindən ona qalmış, Paşinyanın təbirincə desək, “ağır mirası”-erməni hərbi-diplomatik korpusunun məğlubiyyəti ilə başa çatan Qarabağ münaqişəsini Kremlin boynundan asmağa çalışmaqla, həm də indiki vəziyyətdə ən yüksək səviyyədə qorunub saxlanan Azərbaycan-Rusiya münasibətlərini, o cümlədən, Türkiyə-Rusiya münasibətlərini hədəfə aldığını ortaya qoyur.

Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarının birində dünyanın ermənilərin şikayətlərindən bezdiyini ifadə etmişdi. O, erməni xalqının deyinməyindən, tələblərindən beynəlxalq aləmin yorulduğunu demişdi.

Ardınca erməni xalqına üz tutan Nikol Paşinyan xalq olaraq davranışı dəyişməyin zamanının çatdığını söyləmişdi.

Gülünc “Böyük Ermənistan” ideyasının hələ də erməni təfəkkürünə hakim olduğu bir zamanda erməni cəmiyyətini hansısa yad qüvvələrin hesabına müharibədə qalib gələcəklərinə inandıran Ermənistandaxili siyasi hakimiyyətlər 90-cı illərdə olduğu kimi bu dəfə də rus əsgərinin Qarabağda vuruşmasına çalışırdı. Amma buna nail ola bilməyən erməni diplomatiyası məğubiyyətdən sonra Rusiyanın timsalında ermənilər üçün “satqın havadar” və yaxud “xain tərəfdaş” obrazı yaratmağa başladı.

Bütün planları boşa çıxan Ermənistan tələsik verilmiş bəyanatlarla, gülünc ittihamlarla, yerli-yersiz açıqlamalarla sübut elədi ki, o, hamisiz, havadarsız, bir sözlə, ağasız yaşamağı bacarmır.

Hətta “Paşinyan Qarabağı təhvil verdi, növbə dəhlizindir. Qarabağın və anklavların Azərbaycana verilməsindən sonra Ermənistan hakimiyyəti tezliklə dəhliz aça bilər. Yaxın zamanlarda eşidəcəyik ki, Azərbaycana “dəhliz məntiqində olmayan” dəhliz də verilir. Lakin bu gün görülən hər bir işin ciddi alternativi var. Ən qısa müddətdə vasitəçi ölkələrin və bu məsələdə maraqlı olan dövlətlərin nöqteyi-nəzərində dəyişiklik etmək tamamilə mümkündür. Beynəlxalq ictimaiyyət və Azərbaycan bilməlidir ki, Paşinyanın qərarı iki xalq arasında sülh gətirməyəcək. Baş nazir sənədi imzalasa belə, bu, yalnız tarixin təbii axarından müvəqqəti sapma olacaq” deyən Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Böyük Ermənistan”ın yaradılacağına olan öləzimiş erməni ümidinə can verməyə çalışıb.

Hətta Türkiyə və Azərbaycanın növbəti dəfə Rusiyanı işğal edəcəyinə dair gülünc ideyalar ixrac edən erməni siyasi elitası bir şeyi unudur. Özü də, bu müharibənin ən pik məqamını görməzdən gələrək unudurlar bu məqamı: Qarabağı nə Rusiya Azərbaycana təhvil verdi, nə də erməni diplomatiyası geri qaytardı.

Qarabağı Azərbaycan Ordusu öz müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə düşməndən təmzlədi, doğma əraziləri erməni işğalından azad etdi.

Rəsmi Bakı Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan müstəqildir, Azərbaycan öz taleyinin ağasıdır” fikrini həm diplomatik masaların dövrəsində, həm də döyüş meydanında şəksiz olaraq birmənalı şəkildə sübut elədi.

Teymur Zahidoğlu
Ordu.az