Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrup Ağdam rayonuna səfər edib.
Səfərdə Azərbaycan Respublikası Minatəmizləmə
Agentliyi və sözügedən İşçi qrupda təmsil olunan dövlət qurumlarının
nümayəndələri iştirak ediblər.
İşçi qrup üzvləri Ağdam rayonunda minatəmizləmə əməliyyatlarına
cəlb olunan Fövqəladə Hallar Nazirliyinin, qadınlardan ibarət minatəmizləmə
qruplarının və yerli minatəmizləmə şirkətinin fəaliyyəti ilə tanış olub, icra
edilən layihələrin gedişatını, o cümlədən aşkar olunan mina və partlamamış
hərbi sursatların partlayış yolu ilə zərərsizləşdirilməsi prosesini müşahidə
ediblər.
Səfər çərçivəsində İşçi qrupun növbəti iclası da keçirilib.
Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri
Vüqar Süleymanov iclasda, hökumət tərəfindən təsdiq edilmiş illik tədbirlər
planına əsasən icra edilən humanitar minatəmizləmə əməliyyatlarının gedişatı
barədə məlumat verib. Bildirib ki, əsasən yaşayış məntəqələrinin bərpası,
nəqliyyat, energetika infrastrukturları, eləcə də kənd təsərrüfatı sahələri və
digər prioritet istiqamətlərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində
133,373 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, 118 835
ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək
zərərsizləşdirilib.
İclasda, işğaldan azad
edilmiş ərazilərdə minatəmizləmə fəaliyyinə cəlb olunmuş qurumlar tərəfindən
icra edilən fəaliyyət üzrə hesabatlar dinlənilib, cari məsələlər müzakirə
olunub, habelə mina təhlükəsi ilə mübarizə istiqamətində maarifləndirmə
məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Əlaqələndirmə
Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən işçi qrupun
iclaslarının ərazilərdə keçirilməsinə daha çox üstünlük verilir. Bu da, Böyük Qayıdış proqramının əsas
prioritetlərindən biri olan minatəmizləmə prosesinin dinamikliyini təmin edir,
bunun la yanaşı, bu prosesə cəlb olunan qurumların icra etdiyi minatəmizləmə
əməliyyatları ilə yerindəcə yaxından tanış olmaq imkanı verir.