Ermənistan “qaçqın” puluna silahlanır| Rusiya və xarici ölkə vətəndaşlarına “qaçqın” statusu verilə bilər? (ANALİZ)

Qarabağdan könüllü olaraq Ermənistana köçən ermənilərə “qaçqın” statusunun verilməsi ilə bağlı Ermənistan Parlamentinin 2023-cü ilin oktyabr ayının 26-da keçirilən iclasında qərar qəbul edildi. Ölkənin baş naziri Nikol Paşinyan isə Qarabağdan könüllü köçən ermənilərə vətəndaşlıq verilməsi barədə göstəriş verib.


O, Paşinyan keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib ki, dövlət qulluğunda işə qəbul olmaq üçün müraciət etmiş şəxslərə Ermənistan vətəndaşlığı verilməsi məsələlərinin tez bir zamanda həll edilməsi barədə göstəriş verilib. Ermənistan Daxili İşlər Nazirliyi də vətəndaşlıq almaq istəyən ermənilərə hər cür imkan yaradılacağı haqda məlumat yayıb.

Nazirlikdən bildirilib ki, müvəqqəti müdafiə statusu alan şəxslər DİN-in rəsmi saytında dərc edilmiş siyahıda göstərilən müvafiq sənədləri təqdim etməklə müraciət edə bilər.

Düzdür, rəsmi qurumlar Qarabağdan gedənlərlə bağlı “humanitar yanaşma” sərgiləsə də, erməni mətbuatında, eləcə də sosial şəbəkələr, yaxud digər xəbər qaynaqlarından alınan informasiyalardan görünür ki, Ermənistana köç etmiş sadə insanlara qarşı ölkənin siyasi hakimiyyətində münasibət birmənalı deyil. Erməni mətbuatı, ictimai-siyasi təhlilçilər, şərhçilər Qarabağdan gedən ermənilərə “qaçqın” statusunun verilməsini hökumətin “problemdən yaxa qurtarmaq” cəhdi kimi qiymətləndirir.

Bəs ermənilər niyə bu cür düşünür ki, rəsmi İrəvan bu addımla özünü bu probelmdən qurtarmağa çalışır?!

Ermənistanda dərc edilən xəbər mənbələrinə istinad edək: “Hraparak” nəşrinin yazdığına görə, “Qarabağdan könüllü köçən ermənilərin bəziləri belə bir qərarı səbirsizliklə gözləyirdi”.

30 ildən çox müharibə şəraitində yaşamış və bu müddət ərzində aldadılmış sadə erməni toplumu Ermənistan hakimiyyətinə inanmır və yeni status onlara istənilən ölkədən “siyasi sığınacaq” almaq imkanı verəcək. Bu qərar “Qarabağın gələcəyi”nə ümidini itirməyənlərə də ağır zərbə vurub. İndi onlar belə düşünür ki, Paşinyan hökuməti “Qarabağın statusu” və köç edən şəxslərin geri qayıtması məsələsi ilə məşğul olmaq fikrində deyil, əksinə, baş ağrısından qurtulmağa çalışır. Qarabağdan könüllü köçən ermənilərə belə bir statusun verilməsi onların başqa ölkələrə axınını sürətləndirəcək və Ermənistan yaxın gələcəkdə Qarabağ sakinlərindən “azad” olacaq.

Yanaşma belədir ki, adam yoxdursa, problem də yoxdur.

Söz yox ki, Ermənistan parlamentinin bu qərarı Azərbaycanla münasibətlərin normallaşdırılması prosesinə mane olmaq, danışıqların müddətini uzatmaq, sülh sazişi ətrafındakı müzakirələrə beynəlxal təsisatları və ya institutları cəlb eləmək, eləcə də siyasi arenada düşdüyü vəziyyətdən çıxış yolu tapmaq üçün havadarlarına tapınmaq məqsədi güdür. Çünki, Qarabağın erməni sakinləri Ermənistana könüllü köç edib. Bunu onların özü və prosesləri yaxından izləyən beynəlxalq qurumların müşahidəçiləri də təsdiqləyib. Köçdən əvvəl və sonrakı müddətlərdə rəsmi Bakı Azərbaycan vətəndaşlığını qəbul edəcək ermənilərin hüquq və təhlükəsizliyini ölkənin digər vətəndaşları ilə bərabər şəkildə təmin edəcəyinə təminat verdiyini dəfələrlə bəyan edib.

Buna rəğmən, Ermənistanın siyasi hakimiyyəti Qarabağdan köçən ermənilərə “qaçqın” statusu verməklə başqa maraqlarının gerçəkləşdirilməsini hədəfləyir. Rəsmi İrəvan Qarabağdan getmiş ermənilərə “qaçqın” statusu verməklə beynəlxalq hüququ pozub, amma buna baxmayaraq, diqqəti Ermənistana cəlb etmək, Qərbdəki havadarlarından, həm də bütün dünyadakı erməni lobbisindən müxtəlif məqsədlər üçün yardımlar almaq niyyətindədir.

Qeyd edək ki, köç prosesi tamamlanan kimi Avropa Komissiyası Qarabağdan köçən ermənilərin ehtiyaclarını qarşılamaq üçün Ermənistana 5 milyon avro verəcəyini açılayıb. Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi də anoloji bəyanatla çıxış edib. Qurumun rəhbəri Samanta Pauer Qarabağ ermənilərinə yardım üçün ölkəsinin Ermənistana 11,5 milyon dollar verəcəyini bildirib.

Maraqlı məqamlardan biri də budur ki, hətta sülh əldə edilsə belə, Ermənistan hökuməti “məcburi köçkün” və “qaçqın” adlandırdığı ermənilərin üzərində manipulyasiyalarını davam etdirəcək. Sözügedən statusun fonunda ölkəyə maliyyə yardımlarının axınını təşkil edən İrəvan əldə olunacaq vəsaitləri söz yox ki, Qarabağdan köç edən ermənilərə xərcləməyəcək. Nəzərə alsaq ki, Qarabağdan Ermənistana keçən ermənilərin böyük əksəriyyəti yaşamaq üçün xarici ölkələrə gedəcəyini bəyan edib, deməli, Ermənistanda qalan “qaçqın”ların sayı barədə İrəvan heç kimə dəqiq statistik məlumat verməyəcək. Bu da yardım adı altında alınan maliyyə vəsaitlərinin bu gün Ermənistanda vüsət almış silahlanmaya yönəldilməsinə münbit şərait yaradacaq.

Görünən odur ki, hazırda Ermənistana axın etmiş ermənilərin problemləri barədə bu ölkənin Kütləvi İnformasiya Vasitələrində yer alan məlumatlara rəğmən, rəsmi İrəvan hərbi texnika və döyüş vasitələri alınması üçün Fransa və Hindistan kimi ölkələrin silah istehsalçılarına kifayət qədər böyük məbləğlərdə vəsait xərcləyir. Bu amil bir nüansı da diqqət mərkəzinə daşıyır: son zamanlar Azərbaycana qarşı çıxan bəzi Avropa ölkələrinin yardım adı altında Ermənistana dəstək verməsi ehtimalı daha qabarıq şəkildə özünü biruzə verməyə başlayıb.

Çünki Ermənistana silah alışı üçün açıq və birbaşa maaliyə vəsaiti verməkdən ehtiyatlanan Qərb, Qarabağdan könüllü köç etmiş ermənilərə “qaçqın” statusunun verilməsini İrəvana məsləhət görüb və “yardım” adlı altında Ermənistana dəstək göstərməklə onun silahlanmasına şərait yaradır.

Hansı ki, Qarabağdan köçməyə nəinki məcbur edilməyən, hətta onların firəvan gələcəyi üçün Azərbaycan tərəfindən dəfələrlə səslənən çağırışa məhəl qoymayan sadə ermənilər etiraf edirdi ki, köçüb getmək haqda qərarı özləri verməyib. Ermənistan hökumətinin və Qarabağdakı qondarma qurumun təbliğatı və təxribatı nəticəsində çıxıb getməyə başlayan sadə ermənilər növbəti dəfə hansı oyunun qurbanı olacaqlarından xəbərsizdirlər və hazırda Ermənistanda üzləşdikləri problemlərin əvvəlcədən hesablanmış siyasətin yekunu olduğunu çox sonra dərk edəcəklər. Həmin ermənilər gec də olsa, biləcəklər ki, onlara verilmiş “qaçqın” statusu saxtadır və beynəlxalq hüquqa ziddir.

Bir tərəfdən də nəzərə alaq ki, Ermənistana köçən ermənilərin böyük əksəriyyəti Qarabağ ərazisinə 1991-ci ildən sonra köçürülüb və onlar heç vaxt Azərbaycan vətəndaşı olmayıb. Hətta Qarabağdan Ermənistana xarici ölkələrin pasportu ilə keçiblər. Onların da bəziləri etiraf edir ki, Azərbaycan torpaqlarının işğalı dövründə Rusiyadan və ayrı-ayrı ölkələrdən Ermənistana gəlib, oradan isə Azərbaycan sərhədlərini pozaraq Qarabağa keçib və burada qanunsuz yerləşiblər. İndi həmin insanların “qaçqın” kimi təqdim edilməsi də Azərbaycana qarşı yürüdülən siyasətin tərkib hissəsidir. Çünki həmin ermənilərin çoxu 1990-cı illərdən sonrakı dövrlərdə Ermənistandan, Rusiyadan, Ukraynadan, Suriyadan və digər ölkələrdən Qarabağa köçdüklərini Azərbaycan jurnalistlərinə müsahibələrində etiraf ediblər.

Beynəlxalq konvensiyalara görə, qaçqın statusu vətəndaşı olduğu ölkədən qovulanlara verilir. Ermənistan Azərbaycan ərazisində qanunsuz yaşamış öz vətəndaşlarına, Azərbaycan vətəndaşlığını qəbul etməyən, Azərbaycan pasportu daşımayan ermənilərə qaçqın statusu verə bilməz.

Qarabağda yaşasa da, Rusiya vətəndaşlığı olan ermənilərə də qaçqın statusunun tanınması qanunaziddir. Ona görə ki, onlar Rusiyadan Ermənistana qovulmayıb, qanunsuz miqrant kimi yaşadıqları Azərbaycandan köçüblər. Əslində, Qarabağdan köç məsələsi Ermənistandaxili ictimai siyasi proseslərdə mühüm rol oynayır. Qarabağdan gələnləri heç də mehriban qarşılmayan yerli erməni cəmiyyətinin böyük çoxluğu hesab edir ki, Paşinyan Qarabağdan Ermənistana köçən ermənilərdən qisas almağa qərar verib.

Maraqlıdır ki, Qarabağdan könüllü şəkilədə çıxıb gedən emənilər bir neçə aydır ki, heç bir müavinat və ya maaş ala bilmir və yaxın zamanlarda alacaqlarına ümid yoxdur. Ermənistan qəzetlərinin yazdığına görə, Paşinyan Qarabağdan köçən sakinləri maaşlarından məhrum etməklə onlardan nəyinsə qisasını alır. Ermənistana gələn qarabağlı “səlahiyyətli”lərə təzyiqlərin başlaması da bundan xəbər verir.

Xatırladaq ki, erməni mediası Azərbaycanın Qarabağda lokal antiterror tədbirinə 18 sentyabrda, 21 sentyabr Ermənistanın Müstəqillik Gününə üç gün qalmış başlamasına diqqət çəkərək yazır ki, baş verənlərə rəğmən müstəqillik günü münasibətilə Ermənistan parlamentinin deputatları və digər əməkdaşları təltif ediliblər. Bura maddi mükafatlar da daxildir. Həmin günlərdə isə Qarabağın erməni sakinləri ərazini könüllü şəkildə tərk edib Ermənistana üz tuturdu.

Ermənistana köçənlərin gündəlik çörək problemi ilə üzləşdiyi bir vaxtda, onsuz da yüksək maaş alan deputatların mükafatlandırılması erməni xalqına qarşı çirkin oyunların bir çox mahiyyətini açıqlayır. Bəllidir ki, istər yerli hakimiyyətlərinin, istərsə də dünyadakı bir çox ermənipərəst dairələrin siyasi oyunlarına qurban gedən sadə ermənilər onları gözləyən faciələrdən xəbərsizdirlər...

Deyəsən, yardımla və yardım pulları ilə alınan silahları, hərbi texnikaları özləri başladığı müharibələrin döyüş meydanında qoyub getmək ermənilər üçün milli adətə çevirilib. “Qaçqın” puluna alınan silahların kimə qalacağını isə erməni siyasi elitasının çirkinliklərindən cana doyan tarix göstərəcək.

 Teymur Zahidoğlu
Ordu.az