Qafqazda yeni qarşıdurma təhlükəsi| Ermənistan hindistanlı muzdlulardan istifadə edəcək

Dünyadakı hərbi-siyasi, iqtisadi proseslərin fonunda nisbətən sakit görünən Cənubi Qafqazda yeni gərginliyin rüşeymləri “cücərməyə başlayır”... Bu, Ermənistanla müharibədən təzə çıxmış Azərbaycanın Cənubi Asiya ölkəsi olan Hindistanla getdikcə “müharibə vəziyyəti”nə gəlməsini özündə ehtiva edir.


2020-ci ilin payızında başa çatan Ermənistan-Azərbaycan müharibəsindən sonra Hindistanın Cənbi Qafqaza, daha dəqiq desək, Ermənistana marağının artdığı məlumdur. Hətta Yeni Dehli öz ordusunun arsenalındakı yeni silah və sursat növlərini İrəvana satmağa da müvəffəq olub.

Düzdür, bu yaxınlaşmanın kökündə hərbi-strateji əməkdaşlıqla yanaşı, həm də hər iki ölkənin iqtisadi maraqlarının dayandığını düşünmək olar.

Dərinləşməkdə olan Hindistan-Ermənistan əlaqələrində birdən-birə sürətlənmənin mahiyyətini açmağa çalışaq... Bu yaxınlaşmanın məhz ABŞ və Qərbin siyasi institutlarının iradəsinə uyğun olaraq həyata keçirildiyini düşünməklə yanaşı, Hindistanın müstəqil və ya Rusiya ilə razılaşdırılmış bir formada siyasət yürütdüyünü də ehtimal etmək mümkündür. Bütün hallarda, yaranmış situasiyada Hindistan öz maraqlarının tətbiqini genişləndirəcək və sürətləndirəcək. Bunun üçün Ermənistanın mövcud iqtisadi, hərbi və demoqrafik göstəriciləri Yeni Dehli üçün çox münbit imkanlar açır.

Nəzərə alsaq ki, müharibənin başa çatmasından sonra Ermənistan əhalisinin xeyli hissəsi xarici ölkələrə köçüb və proses bu gün də davam edir, deməli, erməniləri təhlükəszilik məsələləri yox, iqtisadi-sosial problemlər miqrasiya etməyə vadar edir. Söz yox ki, işçi qüvvəsinin azalması ölkədə iqtisadi çətinliklərin get-gedə çoxalmasını sürətləndirir.

Bu da əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi olan Hindistan üçün əlverişli imkan yaradır ki, işçi qüvvəsi adı altında öz vətəndaşlarının Ermənistana axınını genişləndirsin.

Erməni ictimai xadim Qaqik Makaryanın bir müddət əvvəl açıqladığı statistikaya görə, 60 mindən çox hindistanlı yaşamaq və işləmək üçün Ermənistana gəlib. O, həmçinin bildirib ki, ölkəsinə hər gün 100 nəfər hindistanlı gəlir. Erməni ictimai xadimin hesab edir ki, qarşıdakı il yarım müddətdə yaşamaq və işləmək üçün Ermənistana gələn hindistanlıların sayı 200 min nəfərə çatacaq. Maraqlı olan elə bu rəqəmdir... 200 min nəfər.
Azərbaycan və Ermənistan arasında aparılan sülh müzakirələrində 1988-89-cu illərdə tarixi türk torpağı olan indiki Ermənistan ərazilərindən- Qərbi Azərbaycandan qovulmuş, deportasiyaya məruz qalmış 250 min nəfərdən çox azərbaycanlının dədə-baba torpaqlarına qayıtmasını təmin etmək danışıq predmetidir.

Deməli, Ermənistan öz əhalisinin miqrasiya etməsinin fonunda, bu ölkədən qovulmuş azərbaycanlıların doğma yurda qayıdıb ölkədə güc mərkəzinə çevirilməsini əngəlləməyə çalışır. Bunun nəticəsiz qalacağından əmin olan İrəvan gedtikcə gücsüzləşən və ölkədən çıxıb gedən erməni cəmiyyətini əvəzləmək məqsədilə hindistanlılar üçün yeni əmək bazarı formalaşdırır, ölkəyə qayıdacaq azərbaycanlıların sayına bərabər Hindistan vətəndaşının işlə, yaşayış üçün şəriatlə təmin edilməsini hədəfləyir.

İrəvan ölkənin əmək bazarında meydana gələn işçi qüvvəsi azlığını Hindistandan gəlmiş ucuz işçi qüvvəsi ilə doldurmaqla yanaşı, həm də bugünkü silahlanmasına rəğmən, miqrasiya edən vətəndaşların sayəsində erməni ordusunda yaranmış şəxsi heyət çatışmazlığını hindistanlı muzdlularla kompensasiya etməyi də hədəfləyə bilər. Xüsusilə qeyd edək ki, Hindistandan alınmış silahların tətbiqi üçün mütəxəssislərin yetişdirilməsinə çəkiləcək xərclər, orduya muzdlu şəkildə cəlb ediləcək hind mütəxəssislərinə çəkiləcək xərclə müqayisədə qat-qat çoxdur. Muzdlu mütəxəssislərin orduya cəlbi ucuz başa gəlməklə yanaşı, hərbi birləşmələrdəki ştat çatışmazlığının da aradan qaldırılması üçün daha münasib sayılır.

Çox güman ki, erməni diplomatiyası yuxarıda sadalanan məqsədlərlə ölkəyə gələn hindistanlıları vaxtilə azərbaycanlıların qovulduğu ərazilərdə kompak şəkildə məskunlaşdırmağı nəzərdə tutur ki, bu da gələcəkdə azərbaycanlılara müəyyən təzyiqlərin meydana gətirilməsi, onların qarşısında süni çətinliklərin yaradılması məqsədi güdə bilər. Eyni zamanda, bu, Azərbaycan və Hindistanı qarşı-qarşıya qoymaq üçün strateji maraq rolunu oynaya bilər. Belə ki, hazırda Ermənistana silah satışını həyata keçirən Yeni Dehli ilə Bakının diplomatik əlaqələrini mövcud görüntüyə rəğmən, “isti” adlandırmaq mümkün deyil.

Bu proseslərdə Hindistanın da iqtisadi-siyasi və hərbi maraqlarının daha dərin köklərə malik olduğunu deyə bilərik.

Hindistanın bu geopolitik gedişlərində ABŞ və Qərb institutlarının elementlərini axtarmağa çalışaq:

Yeni Dehlinin birdən-birə Cənubi Qafqaza marağının artması söz yox ki, silah ticarəti ilə bağlı deyil. Prinsipial qaydalara görə, regional silah bazarına giriş üçün əks qütblərdə olan bütün güc mərkəzlərinin razılığı olmalıdır. Misal üçün onu deyə bilərik ki, Hindistan Ermənistana silah satmaqla əldə edəcəyi gəlirin naminə
Rusiya ilə hərbi-diplomatik maraqlarını təhlükə qarşısında qoymaz. Moskva ilə ticari əlaqələr və diplomatik münasibətləri Hindistan üçün İrəvanla mqüqayisədə qat-qat daha çox əhəmiyyətə malikdir.

Mümkündür ki, Ukraynada dolayısı ilə də olsa, NATO-Rusiya qarşıdurmasının fonunda Cənubi Qafqaza ehtiyatla daxil olmağa çalışan Qərb siyasi institutları Rusiya və Çinin bu bölgədə labüdlüyünü zəiflətmək üçün Hindistan “kartı”ndan istifadə etməyə çalışsın. Bu gediş özlüyündə Hindistanın da ticari maraqlarına uğundur. Qeyd edək ki, G-20 ölkəsi olaraq, Hindistan həm Avropa ölkələri, həm də ABŞ-la “yumşaq” siyasi-iqtisadi imkanlara malikdir və bu yöndə siyasətini balanslı şəkildə yürüdür. Rəsmi Dehlinin ən böyük ticarət tərəfdaşı və əsas siyasi rəqiblərindən biri olan Pekinin də Cənubi Qafqazda maraqları mövcuddur. Həm də dünyanın siyasi-iqtisadi, hərbi mənzərəsində Çin Avropa və ABŞ-nin rəqibi sayılır. Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan və Gürcüstanla diplomatik əlaqələri yaxşı səviyyədə olan Çinlə müqayisədə, regionda Hindistanın siyasi-iqtisadi mövcudluğunu zəif hesab etmək olar. Bu üzdən də, NATO-nun Qafqaza doğru irəliləyişini manipulyasiya etmək üçün Hindistanın Ermənistanla əlaqələrinin sürətlə inkişafı vacib addım kimi sayıla bilər. Baxmayaraq ki, Hindistan NATO ölkəsi deyil, amma alyans ölkələri ilə müstəsna əlaqələrə malikdir və G-20 qrupundakı bu dövlətlərin böyük əksəriyyəti ilə tərəfdaşlıq statusu daşıyır.

Soyuq müharibə dövründə Dehli və Moskva strateji tərəfdaşlıq əlaqələrinə malik olub, SSRİ-nin dağlmasından sonra da Rusiya-Hindistan münasibətlərinin inkişafı iki ölkənin liderləri tərəfindən yüksək qiymətləndirilir.

Soyuq müharibə başa çatandan sonra Qərblə də əlaqələrini yüksək səviyyəyə çatdıran Yeni Dehli Kremllə diplomatik münasibətlərini mütərəqqi formada inkişaf edtdirib.

Deməli, Hindistanın Ermənistanla geniş siyasi-iqtisadi, hərbi əlaqələrə malik olması həm Qərbin, həm də Rusiyanın maraqlarına tam uyğunluq təşkil edir. Mümkündür ki, Yeni Dehli, son zamanlar uçuruma tərəf yuvarlanan Moskva-İrəvan münasibətlərinin normallaşmasında müəyyən rol oynaya bilsin. Bu da Yeni Dehlinin Ermənistanda möhkəmlənməsinə mane olmur. Bütün bunlarla yanaşı, hindistanlı miqrantların Ermənistana axını həm Qərbin, həm də Moskvanın Ermənistandakı maraqlarını, xüsusilə Sülh sazişi bağlanacağı təqdirdə, Qərbi Azərbaycan torpaqlarına qayıdacaq azərbaycanlıların mütəşəkkil gücə çevirilməməsini təmin etməyə imkan verir.

Onu da nəzərə alaq ki, NATO və G-20-yə daxil olan Fransa Ukrayna müharibəsində Rusiya ilə əks qütbdə dayanır, Ermənistan məsələsində Hindistanla az qala, müttəfiqlik nümayiş etdirir. Söz yox ki, yüksək sosial imkanlara malik Avropa ölkələri vətəndaşlarının yaşamaq və işləmək məqsədilə iqtisadi böhran vəziyyətində olan Ermənistana kütləvi axını mümkünsüzdür. Amma aclıq və səfalət içində yaşayan hindistanlılar üçün əhalisinin yarıdan çoxu xarici ölkələrə üz tutan Ermənistanda iş tapmaq o qədər də müşkül deyil. Deməli, öz vətəndaşlarının Ermənistana axınını təşkil edən Hindistan həm əhalisinin iş yeri ilə təmin olunması, həm lobbiləşmə, həm də bu ölkədəki resurslarını möhkəmləndirir.

İndiki halda, bu, İrəvanın da maraqlarına uyğundur. Yuxarıda qeyd etdiyimiz kimi, sadalanan bu proseslər ucuz işçi qüvvəsi, hindistanlıların orduya muzdlu cəlbi, digər tərəfdən silahlanmaq üçün Hindistanla əlaqələri daha da genişləndirmək baxımından Ermənistana məmnunluq gətirir.

Rusiya imperiyası tərəfindən Ermənistanın dövlət kimi qurulmasından bu yanakı tarixdə bu ölkə əsasən Azərbaycan türklərinə qarşı ərazi iddiaları edib, müharibələr aparıb. Həmişə də başqa dövlətlərin resurslarından və himayəsindən yararlanmaqla... Görünür, ermənilər bu dəfə Azərbaycanı Hindistanla münaqişəyə cəlb etməyi planlaşdırır...

Çox maraqlı bir nüansa da səthi olaraq toxunaq: Həmişə İrəvana dəstək verək İranın Hindistanla çoxşaxəli əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdədir. Deməli, Hindistanın Cənubi Qafqaza meyllənməsində bu ölkənin də rolunun olması mümkündür və Tehran prosesləri özü gözə görünmədən öz xeyrinə yönləndirməyi və sürətləndirməyi planlaya bilər...

Teymur Zahidoğlu
Ordu.az