İnformasiya mühitində şübhə savaşı: Vətənpərvər, casus, yoxsa təxribatçı?

Məlum olduğu kimi, Milli Məclisin 19 dekabr 2023-cü il tarixli iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasınının Qunununa dəyişiklik edilib və bu dəyişikliyə əsasən, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti və texnikalarının hərəkəti haqqında xəbər yaymaq saytlara qadağan edilib.


İnformasiyalaşdırma, xəbər vermə və ya məlumatlandırma baxımından bu qanun medianın xəbər yaymaq imkanlarının məhdudaşdırılması kimi qələmə verilsə də, mahiyyət etibarilə düzgün hesab edilməlidir, təbii ki, bu qanunun işləmə mexanizminin də qurulması təmin olunmaqla.

Bu yazımızda dövlət və dövlət qurumlarının maraqlarının müdafiəsini bir kənara qoyaraq, indiyədək rastlaşdığımız hadisələrdən topladığımız təcrübələrin nəticələrinə əsasən fikir bildirməyə çalışacağıq.

Nəzərə alaq ki, jurnalistikanın əsas meyarlarından biri və ən başlıcası xəbər yayarkən insanların təhlükəsizliyinə, onların hüquq və azadlıqlarına xələl gətirməmək, şəxsi və ya işgüzar həyatlarına problem törətməməkdir. MM-in qanuna qəbul etdiyi məlum dəyişiklik hərbi sirrin qorunması ilə yanaşı həm də, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin təhlükəsizliyinin qorunmasını ehtiva edir.

Təcrübəyə görə, 1991-ci ildən 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikaların hərəkəti, onların yerdəyişməsi, hərbi hissələrin dislokasiyası haqqında xəbərlərin müxtəlif formalarda, o cümlədən şifahi şəkildə yayılması müxtəlif fəsadlara səbəb olub, neçə-neçə hərbiçinin həyatını itirməsi ilə nəticələnib.

Müharibə şəraitində olan bir ölkədə nəinki sıravi vətəndaşlar, hətta Kütləvi İnformasiya vasitələri tərəfindən hərbi strukturlar, şəxsi heyət, zirehli texnikalar, hərbi avtomobil kolonları barədə yayımlanan foto və videolar təcavüzkar və ya işğalçı tərəf üçün ən unikal açıq kəşfiyyat məlumatı hesab edilir.

Nəzərə alaq ki, müasir foto və video avadanlıqları, həmçinin mobil telefonlar vasitəsi ilə çəkilmiş şəkil və görüntülərin, eləcə də canlı bağlantıların geolokasiyasını müəyyən etmək heç də çətin deyil. Bu da şəkil və ya videonun formasına əsasən, hərbi texnikaların, şəxsi heyətin, avtomobil kolonlarının məkanını, istiqamətini, hərəkət tezliyini aşkarlamağa imkan verir.

Qarşı tərəf KİV-də, həmçinin sosial şəbəkə platformalarında intensiv müşahidə aparmaqla, müharibə etdiyi, yaxud hücuma keçəcəyi tərəfə məxsus hərbi birləşmələrin yerdəyişməsi, eləcə də həyata keçirdiyi digər hərəkətlər barədə informasiya toplayır, qabaqlayıcı tədbirlər görür.

KİV-də, sosial şəbəkə platformalarında, şəxsi bloqlarda yayımlanan bu kimi foto və videolar, həmçinin yazılı informasiyalar müharibə aparan tərəflər, yaxud dost olmayan ölkələr üçün heç bir resurs xərcləmədən dolğun kəşfiyyat məlumatları toplamaqda yardımçı olur.

KİV və sosial şəbəkə platformalarından əldə edilmiş bu cür informasiyaların sayəsində qarşı tərəflər bir-birilərinə çaşdırıcı, psixoloji və ya taktiki zərbələr endirir, döyüş əməliyyatlarında üstünlük qazanmaq şansına malik olur.

Bu cür informasiyaların sıravi adamlar tərəfindən bilərəkdən ya bilməyərəkdən, eləcə də KİV tərəfindən qeyri-peşəkar şəkildə paylaşılması onun öz ölkəsinin döyüş şəraitində olan, yaxud döyüş əməliyyatı aparan hərbi bölmələrlə yanaşı, kəşfiyyat və əks-kəşfiyyat orqanlarının işində də ciddi çətinliklər törədir, qarşı tərəfin anoloji xidmət orqanları üçünsə geniş imkanlar açır, yeni metodlar əldə etməyə köməklik göstərir.

Belə ki, yuxarıda sadaladığımız əməli törədən sıravi vətəndaş və ya KİV əməkdaşı öz ölkəsinin, ordusunun əzəmətini təbliğ etmək, bununla fərəhləndiyini göstərmək məqsədilə sözügedən formada foto və ya video çəkib paylaşırsa, özü də bilmədən kəşfiyyat və əks-kəşfiyyat orqanlarının diqqət mərkəzinə gəlir, bu qurumların işinə əlavə çətinlik yaradır. Çünki bu cür şəkil və ya video çəkib paylaşan şəxsin qarşı tərəfin, yaxud hər hansısa dövlətin kəşfiyyat orqanları ilə əlaqəli olub-olmamasını müəyyənləşdirmək xeyli zəhmət və zaman tələb edir.

Başqa bir yandan baxsaq, öz ölkəsinin, ordusunun əzəmətini təbliğ etmək, bununla fərəhləndiyini göstərmək məqsədilə foto və video çəkib paylaşan adi vətəndaş və ya KİV əməkdaşı özü də bilmədən öz ölkəsinin hərbiçilərinin həyatını təhlükə altına atır. Xüsusilə, döyüş əməliyyatı zonasında, yaxud ona yaxın ərazilərdə çəkilən bu cür şəkil və görüntülər həmin zirehli texnika və ya avtomobil kolonlarında hərəkət edən şəxsi heyəti qarşı tərəf üçün asan məhv edilə biləcək hədəfə çevirir. Yuxarıda qeyd etdiyimiz kimi, müasir foto-video avadanlıqların çəkdiyi görüntülərlə şəkil və videonun qeydə alındığı məkanın geolokasiyasını müəyyən etməklə, qarşı tərəf döyüş əməliyyatı zonasına doğru hərəkət edən qüvvənin sayını, güc imkanlarını, marşurutunu asanlıqla dəqiqləşdirir, bu kolonların, zirehli texnikaların, şəxsi heyətin keçib gedəcəyi ərazilərdə onlara qarşı diversiya, basqın, pusqu təşkil etmək, yaxud artilleriya vasitələri ilə zərbə endirmək üçün boşluqları aşkarlayır, münasib zaman gözləyir, yaxınlaşmaqda olan şəxsi heyəti, döyüş vasitələrini və avtomobil karvanlarını intensiv atəşlə itkiyə məruz qoyur, onun vaxtında təyinat nöqtəsinə çatmasını əngəlləyir və ya tamamilə məhv edir.

Bir sözlə, bilməyərəkdən və ya müvafiq dövlət orqanları ilə razılaşdırılmadan çəkilib paylaşılan adi bir foto-videogörüntü istənilən hərbi birləşmə üçün ağır nəticələrə gətirib çıxara bilir.

Milli Məclisin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasınının Qanununa etdiyi dəyişikliyin qüvvəyə minməsi gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması üçün təqdir edilməlidir.

Qanuna qəbul edilən dəyişikliklərdə dövlət orqanları tərəfindən ictimaiyyətə açıqlanan məlumatlar istisna edilir. Bu, o demək deyil ki, dövlət orqanları sözügedən qanunu əsas götürərək, cəmiyyətin informasiya ilə təmin edilməsini tam öz öhdəsinə götürür.

Qanuna qəbul edilən yeni dəyişiklik hərbi xəbərlər istehsal edən Kütləvi İnformasiya Vasitələrinin bu sahədən yazan əməkdaşlarının peşəkarlaşmasını təmin edəcək, daha diqqətli olmaq və Silahlı Qüvvələrin apardığı xidmətə, onların gündəlik fəaliyyətinə problem törədə biləcək nüanslardan yayınmaq vərdişləri aşılayacaq.

Bu dəyişiklik həm də KİV qarşısında digər vəzifələrin də yaranması tələbini ortaya qoyur. Belə ki, vətəndaşların maarifləndirilməsi, sıravi adamların sosial şəbəkələr üzərində hərbi yüklü informasiyalar paylaşarkən daha diqqətli olması istiqamətində mütəmadi iş aparmaq medianın ümdə işinə çevirilməlidir.

Bütün bunlarla yanaşı, qanuna edilən bu dəyişikliyin Azərbaycanda fəaliyyət göstərən xarici və beynəlxalq KİV nümayəndələrinə də şamil olunmasını təmin etmək ölkədə xarici jurnalistlər üçün informasiya və informasiya ilə işləmək mühitinin yaxşılaşdırılmasına köməklik edəcək, həm də onları arzuolunmaz şəxs elan edilmək təhlükəsindən yayındıracaq. Bəzən ölkədə qəbul edilən qanunların Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq konvensiyalarla uzlaşmadığını əsas gətirən xarici KİV nümayəndələri bundan müxtəlif maraqlar naminə sui-istifadə edə bilirlər.

Söz yox ki, Azərbaycanda işləmək üçün müarciət edən xarici və beynəlxalq KİV əməkdaşları ölkənin qanunlarına tabe olmaq öhdəliyi götürür, öz sahəsinə aid qanunvericiliyi yaxından öyrənir və bu qanunların tələbinə uyğun fəaliyyət göstərirlər.

Son illər ərzində təcrübədən əldə edilən nəticələrə əsasən, Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi, dövlət və dövlətçiliyin əleyhinə fəaliyyət üçün imkan verən boşluqların aradan qaldırılmasını siyasi məzhəkəyə çevirən, ondan “demokratiyaya təzyiq” adı altında öz maraqları üçün istifadə edənlər də az deyil.

İstər yerli cəmiyyətin, istərsə də beynəlxalq aləmin Azərbaycanda baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər barədə informasiya ilə təmin edilməsində mühüm rol oynayan Kütləvi İnformasiya Vasitələrindən bəzilərinin ikinci və ya üçüncü dövlətlər qarşısında öhdəliyinin olduğu məlumdur.

Danılmaz faktdır ki, Azərbaycanda işləmək üçün başqa ölkələrdən gələn media nümayəndələri arasında xarici xüsusi xidmət orqanları üçün işləyənlər də az deyil. Amma onların fəaliyyəti media haqqında beynəlxaq konvensiyalar, eləcə də yerli qanunlarla tənzimləndiyi üçün həmin jurnalistləri kəşfiyyatçı və ya casus kimi ittiham etmək, hərəkətlərində belə əməllərin olduğunu sübut etmək kifayət qədər çətin məsələdir.

Bu üzdən də, bəzən xarici jurnalistlər sosial şəbəkələrdə, yerli Kütləvi İnformasiya Vasitələrində yayımlanan maraqkəsbedici, hərbi yüklü informasiyaları toplayır, onlara istinad etməklə xəbər və ya reportaj hazırlayır, bir növü, öz məsuliyyətlərini sığortalamış olurlar.

Bu da müharibə aparan və ya müharibə şəraitində olan dövlətlər üçün kifayət qədər böyük çətinliklərin yaranmasında müstəsna rol oynayır.

Məlumdur ki, elə jurnalistlər və media qurumları var ki, onlar Azərbaycandan kənarda yaşayır, Azərbaycana aid domen adları yaradır və xaricdən ölkə daxilinə hesablanmış məqsədlər ətrafında fəaliyyət göstərirlər. Bunların böyük əksəriyyəti xarici ölkələrdə fəaliyyəti Azərbaycan əleyhinə formalaşdırılmış təşkilatların, insan hüquqları adı altında yaradılmış təsisatların, beynəlxalq media birliklərinin təsiri altında olur.

Həmin jurnalistlər və ya media qurumları da yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycana gəlmədən sosial şəbəkə platformalarının Azərbaycan seqmentində sadə vətəndaşlar və jurnalistlər tərəfindən yayılan informasiyaları toplayır, təhrif edir, konteksdən çıxarır, bəzən dövlət və siyasi hakimiyyət əleyhinə vasitə kimi tətbiq edirlər.

Bu da nəinki Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin təhlükəsizliyini təhdid edir, hətta sıravi Azərbaycan vətəndaşlarının həyatına, onların informasiya təminatına ciddi şəkildə mənfi təsir göstərir.

Buna görə də istənilən şəxs, Azərbaycan Respublikası qanunlarının, qanunverici aktlarının yaratdığı imkanlardan yararlanıb informasiya və məlumat paylaşanda öz məsuliyyətini dərk etməli, başqalarının həyat və fəaliyyəti üçün problem törətməməlidir.

Teymur Zahidoğlu
Ordu.az