Füzuli şəhərinə növbəti köç mərhələsi üçün püşkatma keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Füzuli şəhərinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib.

Proses Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyi, Füzuli Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxslərinin  və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələrinin iştirakı ilə keçirilib.

Füzuli şəhərindəki yeni yaşayış yerlərinə indiyədək müvəqqəti məskunlaşma binalarında ağır şəraitdə yaşayan və bu şəhərdə daimi qeydiyyatda olan ailələr ilkin mərhələdə köçürülür.

156 ailə arasında keçirilən püşkatmada sakinlərə ailə tərkibinə uyğun olaraq verilməsi nəzərdə tutulan mənzillərin 59-u ikiotaqlı, 80-i üçotaqlı, 17-i dördotaqlıdır.

Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər yaradılan şəraitə, eləcəd də, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaq.