Qarabağdan gedənlər Ermənistanı “dağıdacaq”? – ANALİZ

Qarabağ İqtisadi Rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra bölgənin erməni əsilli sakinlərinin Ermənistana üz tutması region üçün yeni problemlərin yaranmasına rəvac verir. Erməni əsilli sakinlərin qonşu ölkəyə axını rəsmi İrəvan üçün təkcə sosial və humanitar qayğılar meydana gətirməyəcək, eyni zamanda siyasi təhlükə də formalaşdırmağa başlayacaq.


Bu günkü proseslərin təməlinin Ermənistanın baş naziri Nikol Paşinyanın sələfləri tərəfindən qoyulmasına baxmayaraq, mövcud nəticələr zərbəsi onun siyasi karyerasına zərbə vurur.

Bu məsələdə bir amilə xüsusi diqqət yetirək: 2020 ci ilin sentyabr ayının 27-də başlayıb, noyabr ayının 10-da başa çatan Vətən müharibəsi dövründə sıravi ermənilər Qarabağı bu sayda tərk etmədi. Görünür ki, sadə erməni cəmiyyəti Azərbaycan dövlətinin qanunlarını qəbullanıb vətəndaş kimi Azərbaycanda yaşamağa tərəddüd etmirdi, buna görə də Ermənistana kütləvi axın baş vermədi. Əksinə, hətta müharibə ərəfəsində qonşu ölkəyə getmiş erməni əsilli Qarabağ sakinləri Laçında sərhəd-buraxılış məntəqəsinin istifadəyə verilməsindən sonra da geri- Xankəndi və digər yaşayış məntəqələrinə qayıtmağa başladı. Bununla yanaşı, sadə ermənilərlə Azərbaycan sərhədçiləri və digər aidiyyatı qurumların əməkdaşları arasında ara-sıra yaranan dialoqlar onu göstərdi ki, erməni əsilli sıravi adamlar Azərbaycana və azərbaycanlılara qarşı nifrət duymur, bu ölkədə qalıb yaşamağı özləri üçün təhlükə hesab etmir.

Amma lokal xarakterli antiterror tədbirlərindən sonra kütləvi axın meydana gəldi.

Bunun iki səbəblə izah etmək olar. Bu səbəblərdən biri və birincisini təhlil etməyə çalışaq:

- Antiterror əməliyyatları zamanı Azərbaycan Ordusunun cəmiyyətə təqdim etdiyi informasiyalar arasında mülki obyektlərdə, ermənilərin qurduğu qanunsuz şirkətlərdə, hətta yaşayış məntəqələrindəki fərdi evlərdə çoxlu sayda silah-sursatın aşkarlanması haqda xəbərlər çoxluq təşkil edir.

Görünür ki, uzun illər Qarabağda sadə ermənilərə ağalıq etmiş xuntanın qalıqları sıravi erməniləri silahlanmağa, antiterror tədbirlərində müqavimət göstərməyə məcbur edib. Amma münaqişədən, müharibədən, sosial ehtiyaclar içində yaşamaqdan cana doymuş sadə erməni əlinə silah almaqdan yayınmaq, Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərində həyatını itirmək təhlükəsindən qurtulmaq üçün ərazini tərk etməyi üstün tutur. Bu fakt, Azərbaycanlı jurnalistlərə müsahibə verən erməni sakinlərin müsahibələrində də özünü açıq-aydın biruzə verir.

Ermənilərin Ermənistana axınını səciyyələndirən başqa bir amil isə siyasi hakimiyyət hərisliyindən əl çəkməyən erməni siyasi dairələrinin məkrli təğlibatı ilə birbaşa bağlı ola bilər. Belə ki, Paşinyan hökumətini çıxılmaz vəziyyətə salıb Ermənistanda hakimiyyəti devirmək istəyənlərin növbəti dəfə “Qarabağ kartı”ndan istifadə etmək üçün hərəkətə keçdiyini hesab etmək olar.

Baxmayaraq ki, Azərbaycan dövləti istər beynəlxalq tribunalarda, istər daxili sferada sıravi erməni sakinlərin hüquqlarını digər Azərbaycan vətəndaşlarının hüquqları ilə birgə qoruyacağını dəfələrlə bəyan edib, onların hüquq və azadlıqlarının təmin olunmasına təminat verib, buna rəğmən, erməni təbliğat maşını erməniəsilli sadə vətəndaşların Qarabağdan Ermənistana axınını çoxaltmaq üçün bütün imkanlarını işə salıb.

“Bu, həmin dairələrin nəyinə gərəkdir?” sualı yarana bilər.

Diqqət edək: birdən-birə Ermənistana on minlərlə sakin daxil olur. Onların üzləşəcəyi çətinlik və qayğılar mövcud siyasi hakimiyyətin əleyhinə tutarlı alət kimi istifadə ediləcək. Qarabağdan Ermənistana axın etmiş sıravi sakinlər siyasi təbliğat vasitəsinin alətinə çevirilə, həm də siyasi mübarizə predmeti kimi Paşinyana qarşı istifadə edilə bilər. Təbii ki, Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası bütün bunları hesablamamış deyil və qabaqlayıcı tədbirlərə əl atacağı qaçılmazdır.

Qarabağdan ermənilərin Ermənistana axını bəzi siyasi dairələr üçün “məcburi köçkün” problemi “düzəldib” yerli siyasi hakimiyyətə qarşı mübarizə vasitəsi kimi istifadə edilməklə yanaşı, həm də Ermənistan və Azərbaycan arasında reallaşdırılması labüd olan sülh sazişinə kölgə salmaq, mane olmaq metodu kimi də tətbiq oluna bilər. Söz yox ki, bu kimi metodlar müasir dünyanın siyasi texnologiyaları arasında köhnəlmiş, funksionallığını itirmiş vasitə şəklində görünsə də, Ermənistan kimi ölkələrdə keçərli sayılır.

Çünki Ermənistanda siyasi mübarizələr, beyinlər arasındakı qarşıdurmalar dövlətin çiçəklənməsi istiqamətində deyil, daha çox siyasi qisasçılıq və regionu yenidən təhlükəyə doğru sürükləmək istiqamətində aparılır.

Buna görə də, Eermənistana axın edən sıravi kütlə siyasi dairələrin bir-birilərinə qarşı mübarizəsini genişləndirmək və nüfuzdansalıcı fakt kimi istifadə predmetidir.

Bu amil- erməni axını Azərbaycan və Ermənistan münasibətlərində öz maraqları naminə canfəşanlıq edən beynəlxalq təşkilatlara da səmərəli “sehirli çubuq” təsiri bağışlayacaq. Sülh sazişinin bağlanması reallaşmağa başlasa, həmin ərəfədə qondarma “məcburi köçkün”lər hansısa formada diqqət mərkəzinə daşınacaq, çox güman ki, beynəlxalq təşkilatlar tərəfindən daha çox Azərbaycana qarşı “vasitə” kimi tətbiq olunacaq.
Söz yox ki, bu fakt regional məsələlərdə də təsirsiz qalmayacaq. Beynəlxalq qurumlar həmin axını Ermənistan-Rusiya münasibətlərində xüsusi bir fazaya çəkərək rəsmi Moskvanın bölgədəki nüfuzuna xələl gətirmək üçün daha çox qabardacaq, dünya ermənilərinin Rusiyaya qarşı birləşməsi üçün yararlanmağa çalışacaq. Bu, həm də Rusiyada yaşayan ermənilərin mənəvi-ideoloji durumunda müəyyən izlər buraxacaq.

Ehtimal edək ki, bu gün Ermənistana axın edən sıravi ermənilərin bir qismi antiterror tədbirləri başa çatdıqdan sonra Azərbaycana qayıdacaq, dövlətə qarşı silahlı mübarizəyə məcbur edilmə kimi hər hansı təhlükə ilə üzləşməyəcəyinə əmin olan sadə ermənilər Azərbaycan vətəndaşlığını qəbul edəcək.

Qayıtmaq istəməyən ermənilər isə nəinki sosial problemlərlə üzləşəcək, Ermənistandakı aqressiv diarələr tərəfindən satqınlıqda və ya qorxaqlıqda ittiham ediləcək, cəmiyyət tərəfindən qınanılacaq və siyasi oyunların “aləti”nə çeviriləcəklər. Hansı ki, onların Ermənistana daşınması yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq qurumların diqqətində olacaq, onlardan Azərbaycana, Rusiyaya və bəzən Türkiyəyə qarşı istifadə cəhdləri meydana çıxacaq.

Başqa bir tərəfdən isə həmin “məcburi köçkün” toplusu “Qarabağ problemi”ni gələcəkdə də süni yollarla aktuallaşdırmaq və Azərbaycanı “etnik təmizləmə” kimi absurd məsələdə ittiham eləmək üçün vasitəyə çeviriləcək.

Buna görə də, Ermənistan hakimiyyəti gələcəkdə bu kimi amillərdən yayınmaq üçün, həmişəlik olaraq Ermənistana gedən ermənilərə vətəndaşlıq vermək məcburiyyətində qalacaq. Əgər bu proses reallaşsa, bunun özü də Nikol Paşinyanın komandasına qarşı istifadə ediləcək, rəqibləri onu “etnik təmizləmə” məsələsində “Azərbaycana kömək etmiş” kimi qələmə verəcəklər.

Bütün hallarda, sıravi ermənilərin Ermənistana axını demək olar ki, bu ölkədə yeni mərhələnin, yeni proseslərin, növbəti gərginliklərin meydana çıxması ilə müşahidə ediləcək.

Bəlkə də buna görədir ki, hakimiyyəti könüllü olaraq tərk etmək üçün Nikol Paşinyana on gün vaxt verən dairələr Xankəndidən Ermənistana gedən axının tamamlanmasını gözləyir və həmin sıravi ermənilərdən hakimiyyətə qarşı siyasi elektorat kimi yararlanmağı planlaşdırır.

Demək olar ki, qarşıdakı günlərdə Ermənistanda ictimai-siyasi mühiti sakit axarda görmək mümkün olmayacaq. Ölkəsini mövcud bataqlıqdan çıxarmağa çalışan Nikol Paşinyan qarşısındakı böyük ideloji layihələrin icrasını başa çatdırmaq üçün möhkəm siyasi iradə nümayiş etdirməyə məcbur qalacaq.

Hərçənd, hesab eləmək olar ki, Nikol Paşinyanın yürütdüyü siyasi kurs təkcə Ermənistanı siyasi-iqtisadi böhranlardan çıxarmaq yox, həm də erməni xalqına qarşı formalaşmış bir çox mənfi yüklü fikir və rəyləri al-üst edib, öz millətini dünyanın mədəni millətləri sırasında görmək arzusundan mayalanır, amma buna rəğmən bunu istəməyən qüvvələr onu və Ermənistanın gələcəyini uçuruma yuvarlamaq niyyətindən əl çəkmirlər...

Teymur Zahidoğlu
Ordu.az