Snayper atəşi? Antiterror tədbirləri hələ bitməyib... VOMA PKK ilə hansı istiqamətdə birləşəcək?

- “Fransa Ermənistanda müdafiə missiyası açıb”.

-“Türkiyənin paytaxtı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında partlayış baş verib və PKK bu terror aktına görə məsuliyyəti öz üzərinə götürüb”.

-“Xankəndidə Rusiya-Azərbaycan birgə patrulu snayper silahından atəşə tutulub”.

-“Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir”.

-“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla görüşüb. Ardınca, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tehranda İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani, daha sonra isə İran prezidenti ilə görüşüb və regiondakı vəziyyəti müzakirə edib”.

-“Sıralarında uşaq və yeniyetmələri də cəmləyən VOMA terror təşkilatı Qarabağda PKK və YPG ilə birlikdə “partizan müharibəsi”nə başlayacağını bildirib”.

-“Rəsmi Paris Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasını öz qarşısında məqsəd kimi qoyur”.

-“Rusiyanın xarici işlər Naziri Sergey Lavrov Qarabağdan çıxmaq istəyən insanları saxlamağın mümkün olmadığını bildirib”.


Bütün bu xəbərlər başqa-başqa məzmunları əhatə etsə də, mahiyyət etibarilə, bir-biri ilə zəncirvari şəkildə bağlıdır. Eyni zamanda, bu xəbər başlıqlarının hamısında Cənubi Qafqaza doğru irəliləyən, daha çox Rusiya və Türkiyəyə qarşı hesablanmış sözün həqiqi mənasında hibrid müharibənin siqnalları gizlənib.

Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etdikdən sonra, həmçinin Qarabağ İqtisadi Rayonunda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərinin ardınca Fransa rəsmi Bakının əleyhinə çoxsaylı “bəyanatlar tribunasına” qalxaraq “canfəşanlığa” başladı.

Az keçmədi ki, Fransa Milli Assambleyasında Fransa-Azərbaycan Dostluq Qrupu fəaliyyətini dayandırdı. Fransa-Azərbaycan Dostluq Qrupu Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ilə əlaqəsinə də son qoyub. Qarabağ münaqişəsinin həlli istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədri kimi rəsmi Paris 30 ilə yaxın aparılan danışıqlar prosesində heç bir nailiyyətə imza ata bilmədi.

BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı dörd qətnaməsinin tələblərini təkbaşına yerinə yetirən rəsmi Bakı torpaqlarını işğaldan azad edən kimi, Fransa qərəzli bəyanatlar səsləndirməyə başladı. Ardınca isə yuxarıdakı xəbər başlığında deyildiyi kimi Ermənistanda müdafiə missiyası yaradaraq bu ölkənin müdafiə ehtiyaclarını öyrənməyə başlayıb. Ermənistanın bütövlüyü, suverenliyi və əhalisinin qorunmasını öz qarşısında məqsəd kimi qoyan rəsmi Paris İrəvanı kimdən qorumağa çalışır?

Məhz bu açıqlama onu göstərir ki, Fransa Rusiyanı Ermənistanda görmək istəmir, bu manipulyativ açıqlama ilə erməni cəmiyyətinə Moskvanın erməniləri qorumayacağına eyham vurur, qızışdırıcı çağırışlar formalaşdırır. Bəllidir ki, Azərbaycan Ermənistana qarşı heç bir ərazi iddiasında deyil və tezliklə sülh sazişinin imzalanmasına maraqlı olduğunu ortaya qoyub. Əslində, Parisi narahat edən, bu ölkənin prezidenti Manuel Makron demişkən, “bacısının”-İrəvanın Moskva ilə münasibətlərinin yenidən normallaşma müstəvisinə qayıtmasıdır.

Rusiya-Ukrayna münaribəsinin fonunda istər diplomatik münasibətlərdə, istər sanksiyalar məsələsində, istərsə də Ukraynaya maddi, hərbi-texniki yardım istiqamətində Moskvaya qarşı sərt mövqedən çıxış edən Fransa, görünür, Cənubi Qafqazda da Ruisyaya qarşı yeni cəbhə açmaq məqsədi güdür.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan razılıq verməyəcəyi təqdirdə, Zəngəzur dəhlizinin İrandan keçməsinin mümkünlüyü barədə dediklərindən az keçmiş, Ankarada Daxili İşlər Nazirliyinə qarşı terror hücumu həyata keçirildi. Məsuliyyəti PKK öz üzərinə götürdü. Bu terror aktının törədildiyi ərəfədə VOMA erməni terror təşkilatı PKK və YPG terror təşkilatları ilə birlikdə Qarabağda “partizan müharibəsi”nə başlayacağını açıqladı. Bu bəyanatın yayıldığı gün Rusiya Müdafiə Nazirliyi Xankəndində naməlum şəxsin Rusiya Sülhməramlıları ilə Azərbaycan hərbçilərinin birgə patruluna snayperdən atəş açmasına dair xəbər yaydı.

Bu arada erməni politoloqlar, şərhçilər Zəngəzur dəhlizinin İran ərazisindən keçməsinə dair təklifi bəyənəcəyi halda Tehranın zərər görəcəyinə dair açıqlamalar verməyə başladılar. Ən maraqlı məqam isə odur ki, ermənilər çox incə bir məqamı xüsusilə vurğulamağa üstünlük verirlər: “Fransa İranı Qərbə bağlayan halqadır...”.

“Qafqazda İran-Rusiya münasibətlərinin həmişə rəqabətli” olduğuna diqqət çəkən ermənilər Türkiyənin regionda aktivləşməsi ilə İran-Rusiya əməkdaşlığının “yeni ucları”nın tapılmasından narahatlıqlarını biruzə verirlər.

Bir məqama da diqqət yetirək: Zəngəzur dəhlizinin İrandan keçə bilməsi ilə bağlı Türkiyə prezidentinin açıqlamasından az sonra ölkəsinin paytaxtında terror aktı törədilir, aktı PKK özü ilə əlaqələndirir. Elə bu ərəfədə, Kütləvi İnformasiya Vasitələrində İranın Qərbi Azərbaycan vilayətinə PKK-nı cəlb etməsinə dair xəbərlər tirajlanmağa, ardınca isə VOMA erməni terror təşkilatının PKK və YPG ilə birlikdə Qarabağda “partizan müharibəsi”nə başlayacağına dair bəyanat yayılmağa başlayır.

Maraqlı bir məqam meydana çıxır: Qarabağda PKK və YPG ilə birlikdə “partizan müharibəsi”nə hazırlaşan VOMA bu ərazilərə haradan və necə keçəcək? Deməli, Tehranın “Qərbi Azərbaycan vilayətinə PKK-nı cəlb etməsi” ilə bağlı informasiya təsadüfən yayımlanmır. Yəni sözügedən terror təşkilatlarının Qarabağa keçidi üçün ən münasib yol İran-Azərbaycan sərhədidir və Qərbi Azərbaycan vilayətində PKK-ya yer ayıran Tehran VOMA-nın “partizan müharibəsi”ndə qeyri-rəsmi tərəf kimi iştirak edir. Bu həm də, öz-özlüyündə İran və Ermənistan ərazisindəki terror təşkilatlarının Zəngəzur dəhlizini hədəfə alacağına da bir işarə kimi qəbul edilə bilər.

Ermənistan ərazisinə PKK və YPG terrorçularının axını Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını şübhə altına alacaq, iki ölkə sərhədlərinin açılması reallıqdan uzaqlaşdırılacaq. Bununla yanaşı Tehran Ankara ilə münasibətlərində dalana dirənmiş vəziyyətə düşəcək.

Digər tərəfdən də, PKK və ya YPG Ermənistan ərazisindən Türkiyəyə qarşı fəaliyyət göstərsə, onda, Türkiyə-Ermənistan sərhədlərində bu terror təşkilatlarına qarşı hərbi əməliyyat aparmaq Ankara üçün zərurətə çeviriləcək. Nəticədə Türkiyə və Ermənistan hazırda aparılan normallaşma danışıqlarından müharibə şəraitinə keçməli olacaq. Bu iki təşkilatın mahiyyətini və onların himayədarlarının kimliyini nəzərə alsaq, görərik ki, VOMA-nın məlum bəyanatının arxasında heç də Qarabağ dayanmır.

Cənubi Qafqazdakı proseslərdə İranın fəal iştirak etməyə çalışdığına toxunan ermənilər rəsmi Tehranın adını terror təşkilatları ilə birgə hallandırmağa çalışmaqla yanaşı, son vaxtlar Rusiya-İran əməkdaşlığının gərgin notlar üzərində inkişaf etdiyini, Cənubi Qafqazdakı hadisələrə Tehranın nöqteyi-nəzərini aydınlaşdırmağa çalışan Moskvanın çaş-baş qaldığını, həmçinin İranın iştirakı olmadan Türkiyə və Rusiyanın regionda hərəkətə keçə bilməyəcəyini xüsusi ştrixlərlə qeyd edirlər.

Söz yox ki, bütün bu siqnalların ötürülməsində Qərb diarələrinin “öz yükü” var. Həmin dairələr Cənubi Qafqazda Rusiyaya qarşı yeni cəbhə açıb region ölkələrini üz-üzə qoymaq, Moskvanı bölgədən çıxarmaq, onun Qafqaz respublikaları ilə əlaqələrini tamamilə yararsız hala salmaq planlarını İrəvanın əli ilə, yaxud erməni ictimai-siyasi mərkəzlərinin və ya erməni terror təşkilatlarının vasitəsi ilə işə salmağa başlayıblar.

Bütün bunların fonunda VOMA-nın rəhbəri Vova Vartanovun PKK və YPG ilə birlikdə Qarabağda “partizan müharibəsi”nə başlayacağı haqda açıqlaması absurd görünsə də, söz yox ki, hansısa mətləblərdən xəbər verir. Ən azından, Rusiya Müdafiə Nazirliyinin Xankəndidə Rusiya-Azərbaycan birgə patrulunun atəşə tutulmasını buna misal göstərə bilərik.

Azərbaycanın öz ərazi bütövlüyünü tam təmin etməsi məsələsindən sonra erməni cəmiyyətinin ən qatı düşməni Rusiyadır. Ermənilərin böyük əksəriyyəti Qarabağ məsələsində rəsmi Moskvanın onları “satdığını” düşünür. Buna görə də Qarabağda qaldığı və hələ ki, gizlənməyə müvəffəq olduğu ehtimal edilən cinayətkar ünsürlərin Rusiya Sülməramlılarına qarşı qisasçılıq zəmnində kriminal xarakterli cəhdlərinin olacağı nəzərə alınmalıdır.

Qarabağda qalmış cinayətkar ünsürlərin Rusiya hərbçiləri ilə birgə Azəbaycan Respublikasının güc strukturarına qarşı təxribat törədə bilməsi də ehtimallar sırasındadır. Bu kimi terror aktlarının törədilməsi bir tərəfdən də Azərbaycan hərbçiləri ilə Rusiya sülhməramlıları arasında qarşılıqlı etimadın sıradan çıxarılmasına hesablana bilər.

Hərçənd, bu hal kütləvi xarakter ala bilməz, amma məhdud sayda baş verə biləcəyinə dair ehtimallar da yox deyil...

Ötən əsrin 90-cı illərində rus hərbçilərinin dəstəyi ilə Qarabağı işğal etmiş erməni silahlı quldur dəstələrinin keçmiş rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü təmin olunması məsələsində Rusiyanı günahkar bilir. Onlar Moskvanın ermənilərə xəyanət etdiyini düşünür. Buna görə də, istər Qarabağdakı Rusiya Sülhməramlılarına, istərsə də Ermənistanda dislokasiya olunan Rusiya hərbi bazalarına qarşı təxribatların törədilməsi mümkündür.

Bu həm də Ermənistandaxili siyasi proseslərin sürətlənməsinə, ölkədəki mövcud siyasi hakimiyyət uğrunda mübarizənin gücləndirilməsinə təkan ola bilər. Rus hərbiçilərinə qarşı silahlı basqınlar, onların həyatına təhlükə törənməsi Moskvanın Ermənistanla bağlı daha sərt mövqe tutmasına, iki ölkə arasında heç də yaxşı olmayan münasibətlərin lap gərginləşməsinə gətirib çıxara bilər. Belə olan halda, Qərb institutları erməni cəmiyyətini Rusiya hərbi bazalarının ölkədən çıxarılması çağırışlarına təhrik edəcək, necə deyərlər, Rusiyanı bölgədə nüfuzdan salmağa, Moskvanı Cənubi Qafqazda “oyundan çıxmağa” məcbur etməyə çalışacaqlar.

Danılmaz faktdır ki, rəsmi Moskva bütün bunları səbrlə izləməyəcək, adekvat addımlar atmağa məcbur qalacaq.
Bu isə Cənubi Qafqazda sülh və sabitliyin yaranmasını ləngidəcək.

Başqa bir aspektdən yanaşaq, onu da deyə bilərik ki, Ermənistanın sülh prosesindən yayınaraq Qərbin çirkin oyunlarına qoşulması, onun gələcəkdə dövlət kimi yox olmasına gətirib çıxara bilər...

Hər halda, özünə aid olmayan oyunlara təhrik edilən rəsmi İrəvanın yeganə çıxış yolu Azərbaycanla sülh sazişini imzalamaqdır. Rəsmi İrəvan bu addımla öz mövcudluğunu, Qafqazda sülhü, erməni xalqının sosial rifahının inkişafını təmin etmiş olacaq...

Teymur Zahidoğlu
Ordu.az