Fransa və Hindistan silahları İrəvandan Kremlə tuşlana bilərmi? – ANALİZ (II YAZI)

Bütün bunların fonunda, Ermənistana silah satmaqda maraqlarını qabarıq şəkildə ortaya qoyan daha bir bir ölkənin mövcudluğu növbəti illər üçün planlaşdırılan dünya siyasətində Cənubi Qafqazın strateji əhəmiyyətini aydın çalarla ifadə edir. Maraqlıdır ki, müharibədə məğlub olmuş və ən böyük müttəfiqindən sürətlə qopmağa meyllənmiş Ermənistan Hindistanla da silah ticarətinə dair danışıqlar aparır.

Rəsmi İrəvan Dehlidən 1 milyard dollar dəyərində silah-sursat və hərbi texnika almağa hazırlaşır.

Ermənistanın almaq istədiyi silah-sursat və hərbi texnikanın siyahısı dəqiq məlum olmasa da, iki ölkə arasında imzalanmış bir müqaviləyə əsasən İrəvana 245 milyon dollarlıq raket, reaktiv mərmi və sursatlar ixrac ediləcək. Hindistan öz ordusunun arsenalında olan “Pinaka” yaylım atəşli reaktiv qurğularını ilk dəfə Ermənistana satacaq.

Bu razılaşmaların bir qismi Hindistan Milli Müdafiə Kollecinin komandanı, general-leytenant Sinqh Dahiyanın İrəvanda səfərdə olduğu və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdüyü vaxt əldə edildiyi ehtimal olunur. Bundan əvvəl də, Hindistan haubitsalar da daxil olmaqla, Ermənistana xeyli sayda hərbi texnika göndərib.

Ötən gün isə “Economic Times” nəşri məlumat yayıb ki, Hindistan ötən il ilk silah partiyasını uğurla tədarük etdikdən sonra Qafqazdakı strateji müttəfiqi Ermənistana hərbi texnikanın yeni partiyasını tədarük etməyi düşünür. Qeyd olunub ki, bu yaxınlarda Ermənistanın yüksək rütbəli rəsmisi bu məsələni müzakirə etmək üçün Nyu-Dehliyə səfər edib.

Beləliklə, Cənubi Qafqazın ən böyük və çətin problemlərindən biri olan Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan və Ermənistan sülh sazişinin bağlanması istiqamətində danışıqlar apardığı bir ərəfədə Ermənistanın silahlandırılmasına yönələn bütün bu cəhdlər xüsusilə diqqət çəkir. Maraqlıdır ki, müharibədən sonra öz silahlı qüvvələrinin qalıqlarını və hərbi texnikalarını Qarabağdan çıxarmasına dair Azərbaycanın çağırışlarına məhəl qoymayan İrəvanın milyorlarla dollar dəyərində olan hərbi texnikası, artilleriya qurğuları, xeyli sayda sursat Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürüldü. Hansı ki, yarıdan çoxu Rusiyadan kreditlə alınmış həmin hərbi texnika və sursatların müharibədən dərhal sonra çıxarılması və Ermənistana daşınması üçün münbit şərait vardı.

Diqqət çəkən məqamlardan biri budur ki, o qədər texnika və döyüş vasitələrini daşımaqdan imtina edən Ermənistan özünün hazırkı iqtisadi vəziyyətinin fonunda Fransa və Hindistandan bahalı, NATO standartlı silahlar almaq üçün haradan və ya kimlər tərəfindən maliyyələşdirilir? Hələ 2044-cü ilə qədər Ermənistanın sərhədlərinin və təhlükəsizliyinin Rusiya tərəfindən qorunmasına dair Erməninstan-Rusiya müqaviləsinin mövcudluğu, həmçinin Rusiyanın 102-ci hərbi bazasının Ermənistan ərazisində yerləşdiyi bir vaxtda Qərb və Uzaq Şərq ölkələri ilə silah ticarətini genişləndirmək İrəvanın çox təhlükəli oyunlara sürükləndiyini ehtimal etməyə yol açır.

Dünyadakı güc mərkəzlərinin siyasi-coğrafi düzülüşünə fikir versək görərik ki, Ermənistanın NATO standartlı hərbi texnika və qurğularla silahlandırılması bu gün də İrəvanla münasibətləri heç də normal müstəvidə olmayan Türkiyə əleyhinə yönələ bilməz. Çünki NATO silahlarının alyans ölkələrinə qarşı tətbiqi yolverilməzdir. Azərbaycanla isə sülh sazişi bağlamağa yaxın olduğunu iddia edən İrəvanın Bakıya qarşı yeni silahlı projelərə gedəcəyi inandırıcı görünmür. Qafqazın əsas və ən ağır problemi olan Qarabağ münaqişəsinin başa çatmasından sonra Cənubi Osetiya və Abxaziya probleminin həlli labüdləşir. İncə bir məqama diqqət yetirək: pisləşməkdə olan Ermənistan-Rusiya münasibətləri müharibə həddinə çatsa, hərbi əməliyyatlar necə aparılacaq? Söz yox ki, Gürcüstan və Azərbaycan Ermənistanla müharibə aparmaq üçün ərazilərinin Rusiya tərəfindən plasdarm kimi istifadə edilməsinə imkan verməyəcək.

102 saylı hərbi bazanın isə təkbaşına Ermənistanla müharibə aparmaq imkanlarının olmadığı bəllidir. Onda, maraqlı bir sual yaranır: NATO-nun Qafqaza girişi necə təmin ediləcək?

Mahiyyətcə dərin olsa da, cavab çox sadə hesab edilə bilər-Gürcüstan münaqişəyə cəlb edilməklə, Qafqazda Rusiya ilə üz-üzə gəlməkdən ötrü Şimal Alyansına meydan açıla bilər.

Onsuz da, 2008-ci ildə XXI yüzilliyin Avropada ilk müharibəsi kimi yadda qalan Gürcüstan-Rusiya müharibəsi başa çatmayıb, Kreml beynəlxalq səviyyədə Gürcüstanın ərazisi kimi qəbul edilən Cənubi Osetiyanın “müstəqlliyini” rəsmən tanıyıb və ona dəstək verir.

Xatırladaq ki, 2000-ci illərin əvvəllərində NATO standartlı ordu quruluşuna malik olmaq üçün hərəkətə keçən Gürcüstan 2008-ci ildə Rusiya ilə silahlı qarşıdurmaya daxil olsa da, nəticə etibarilə atəşkəs haqda razılıq sazişini imzalamağa məcbur oldu. Gürcüstan ordusuna NATO tərəfindən verilmiş xeyli sayda hərbi texnika və sursat həmin hadisələrdə ruslar tərəfindən qənimət kimi götürüldü. Bir sözlə, NATO Qafqaz siyasətində ilk cəhdində Rusiyaya uduzmuş sayıldı.

Hazırda Fransa və Hindistan tərəfindən silahlandırılan Ermənistanın Rusiya ilə müharibə aparmaq üçün bir növü, baza kimi qurulduğunu da ehtimal etmək mümkündür. Burada ilk olaraq, Fransa və Hindistanın “donor” kimi seçilməsi təsadüf sayılmaya bilər. Hadisələr silah alışı adı altında həyata keçirilir və Kremldə daha dərin qıcıq yaratmamaq üçün bu taktikadan istifadə olunur. Silahlanma məqbul mərhələyə çatdıqdan sonra, Ermənistan indiyədək Gürcüstana qarşı bir neçə dəfə irəli sürdüyü Samtsxe-Cavaxeti bölgəsi ilə bağlı torpaq iddialarınını yenidən qabardır, Qərb ölkələrindən biri və ya bir neçəsi Gürcüstana tərəfdar çıxır, Gürcüstan ərazisinidən keçən beynəlxalq əhəmiyyətli strateji infrastrukturun qorunmasını təmin etmək adı altında əraziyə hərbi güc cəlb edilir, Ermənistan-Gürcüstan münaqişəsi dondurulur, Gürcüstan öz ərazi bütövlüyünün təmin edilməsi üçün hərəkətə keçir və Rusiya ilə müharibə şəraiti aktiv fazaya daşınır, bununla da Qafqazda Rusiya-NATO qarşıdurması Ukraynadakından xeyli fərqli formada reallaşdırılır. Nəticə etibarilə Moskvanın Qafqazdan çəkindirilməsi prosesinə start verilir.

Hər halda, bütün bunlar bu gün baş verən proseslərdən qaynaqlanan ehtimalların bir qismidir. Bölgədəki vəziyyətə təsir edə biləcək güc mərkəzlərinin hələki susqunluğu proseslərin heç də yumşaq məcraya yönəlmədiyini ifadə edir.

Teymur Zahidoğlu
Ordu.az