Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi rəsmən bağlanıb

 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan-Rusiya və Ermənistan dövlət və hökumət başçılarının imzaladığı birgə bəyanatdan sonra Ağdam rayonu ərazisində yaradılıan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dyandırıb. Bu münasibətlə mərkəzdə təntənəli bağlanış mərasimi keçirilib.

Tədbirdə müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakov, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan, Türkiyə və Rusya Federasiyasının dövlət himnləri səsləndirilib.

Mərasim iştirakçılarını salamlayan general-polkovnik K.Vəliyev Birgə Monitorinq Mərkəzinin fəaliyyəti haqqında danışıb, 2021-ci ilin yanvar ayının 30-dan regionda sülh və sabitlik naminə vicdanlı və cəsarətli xidmətinə görə Türkiyə və Rusiya Federasiyasının bölgədə xidmət keçən hərbi qulluqçularına minnətdarlıq edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ İqtisadi Rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin də iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən, fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanıldığna da toxunulub. Bağlanış mərasimi Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin iştirakı ilə bədii proqramın təqdimatı ilə başa çatıb.