Suslular Susa qayıdır

Yaxın günlərdə Laçının Sus kəndinə bir neçə ailə köçürüləcək.  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, doğma yurda qayıtmağa hazırlaşan ailələr arasında artıq püşkatma da keçirilib.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Laçın Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Sus kəndində inşası başa çatdırılmış fərdi evlər hazırda müvəqqəti məskunlaşma yerlərində yaşayan və Sus kəndində daimi qeydiyyatda olan məcburi köçkün ailələrə veriləcək.

59 ailə arasında keçirilən püşkatmanın qaydaları ailə tərkibinə uyğun olaraq müəyyən edilib.

Doğma yurdlarına qayıdacaq bu ailələrdən 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evlə təmin ediləcək.

Öz kəndlərinə qayıtmağın sevincini bölüşən kənd sakinləri işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib.

Ailələrin yaxın günlərdə Sus kəndinə yola salınması nəzərdə tutulur.