Fransa və Hindistan silahları İrəvandan Kremlə tuşlana bilərmi? – ANALİZ (I YAZI)

Ermənistan-Azərbaycan münasibətlərinin fonunda son zamanlar daha çox aktivləşən Fransa müharibənin və Qarabağdakı lokal xarakterli antiterror tədbirlərinin başa çatmasından dərhal sonra rəsmi Bakıya qarşı qərəzli mövqe sərgiləməyə başladı. Uzun illər Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədrlik etmiş bu ölkənin birdən-birə daha açıq formada ermənipərəst mövqe nümayiş etdirməsi iki Qafqaz respublikası arasında bağlanılmasına ümid bəslənilən sülh sazişini təhlükəyə atdığı danılmazdır. Amma Fransanın bu mövqeyi Rusiyaya qarşı düşünülmüş böyük bir oyunun bir detalı ola bilər.


Bu arada Fransanın “Le Monde” nəşri, həmçinin dünyanın bir çox Kütləvi İnformasiya Vasitəsi Fransanın Ermənistana yüz milyonlarla avro dəyərində silah-sursat satmasına dair xəbərlər yaydı.

Oktyabr ayının əvvəlində Fransa mülki təhlükəsizlik qüvvələrinin hərbiçilərinin İrəvana səfəri, onların Ermənistan və Avropa İttifaqının xilasediciləri ilə birlikdə “HOPE 2023” təlimində iştirakı, son zamanlar Ermənistanın təhlükəsizlik məsələlərində öz rolunu artırmağa çalışan Fransanın hərbi-siyasi xətti və bu istiqamətdə atdığı addımlar onu deməyə əsas verir ki, rəsmi Paris Qafqazda gərginliklə müşaiyət olunan yeni proseslərin başlanmasında maraqlıdır. Bura Parisin həm Moskva-İrəvan, həm də Ermənistan-Azərbaycan münasibətlərinə hesablanmış gedişlərini daxil etmək olar.

44 günlük müharibədəki məğlubiyyətindən sonra anti-Rusiya xəttini inkişaf etdirən İrəvanın KTMT-dən çıxmaq və rusları fransızlarla əvəzləmək niyyətinin olduğuna dair ehtimallar atmaqdadır. Bəzi dairələr hesab edir ki, Fransadan İrəvana gəlmiş “mülki təhlükəsizlik” nümayəndələri təlimlərdən sonra Ermənistanda yerləşdiriləcək və getdikcə bazalaşmağa başlayacaqlar. Əslində, bu versiya Fransanın Ermənistana silah satmaq istəyinin fonunda real görünür.

Mümkündür ki, Fransa öz silahlarını Ermənistana satmaq adı altında Cənubi Qafqaza yerləşməyə maraq göstərir və təlim adı altında hərbi mütəxəssislərini və ya kontingentini Ermənistan ərazisində cəmləşdirir. Bu cəmləşməyə Avropa İttifaqına daxil olan digər dövlətlərin hərbçilərinin də qoşulacağı istisna edilmir.

İrəvana hərbi yardımı təkcə birgə təlimlərlə yekunlaşdırmayan Paris Ermənistana satacağı, yaxud verəcəyi silahların erməni hərbiçilərinə öyrədilməsi üçün söz yox ki, bu ölkəyə mütəxəssislər göndərməlidir. Ancaq bu mütəəssislərin sayı və tərkibi haqda hələ ki, heç bir açıqlama yoxdur.

Oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransada həmkarı Sebastyan Lekornü ilə görüşü və müdafiə sahəsində əməkdaşlığa dair imzalanan saziş iki ölkə arasındakı münasibətlərin tərəfdaşlığa doğru inkişaf etdiyini göstərir. Razılaşmaya görə, Fransa Ermənistana müxtəlif növ hərbi texnika, o cümlədən zenit-raket kompleksləri satacaq…

Doğrudanmı, satacaq, yoxsa bu ad altında Paris Qafqaza daşınır? Bu sualların cavabı Ermənistan-Azərbaycan arasında sülh sazişinin bağlanmasına dair danışıqların gedişatında özünü aydın biruzə verəcək. Paris sülh sazişi ilə bağlı məsələlərdə sərgiləyəcəyi mövqe ilə özünün Qafqaz siyasətindəki maraqlarını gizlədə bilməyəcək…

Bəzi təhlil mərkəzlərinin hesablamalarına görə, Fransanın Qafqazda möhkəmlənmək cəhdi Qərb dairələrinin Rusiya əleyhinə təşkil edilən ümumi siyasətinin tərkib hissəsidir və bir müddətdən sonra mənzərə bir az da aydınlanacaq.

Ermənistanın Fransa və Avropa İttifaqının xilasediciləri ilə birgə təlimindən az öncə 175 erməni və 85 amerikalı hərbçinin iştirakı ilə Ermənistanda keçirilən “Eagle Partner” sülhməramlı təlimləri xatırlayaq. Ermənistanda keçirilən bu təlim miqyasca kiçik olsa da, mahiyyət etibarilə Kremlə ciddi bir siyasi mesaj kimi qəbul edilir.

Təbii ki, NATO üzvü olan ölkələrin böyük əksəriyyətindən alınmış texnikalarla silahlanmış Ukrayna ilə müharibə aparan Rusiya üçün, Ermənistanda amerikalı, ardınca fransalı hərbiçilərlə keçirilən hərbi təlimlər sıradan hadisə kimi qəbul edilmir. Bunun fonunda isə çoxillik müttəfiqlikdən imtina edən Ermənistanın Rusiyadan kreditlə aldığı silahlara olan borcunu ödəmədən Fransadan dəyəri milyonlarla avroya bərabər alan silah, hərbi texnika alması təkcə Fransanın deyil, həm də Şimal Alyansının addım-addım Qafqaza doğru addımlamasının təzahürü sayıla bilər.

Öz təhlükəsizliyinə yeni təminatçı axtaran Ermənistanın Rusiyadan üz döndərməsi və sözügedən təlimlərdən öncə İrəvan və Moskvanın qarşılıqlı bəyanatları proseslərin Qərbdəki dairələrin istəyinə uyğun formada inkişaf etməsindən xəbər verir. Ermənistanın Baş naziri Nikol Paşinyan bunu daha dəqiq şəkildə sentyabrın əvvəlində İtaliyanın “La Republica” qəzetinə müsahibəsi ilə təsdiqləyib. O, Ermənistanın yalnız Rusiyaya bel bağlamasını strateji səhv kimi dəyərləndirib və Moskvanın regionu tamamilə tərk edə biləcəyini söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bununla bağlı “pis rəqqas” haqqında məsəli yada salmaqla verdiyi açıqlama, eyni zamanda, Ermənistan parlamentinin rəhbəri Alen Simonyanın Rusiyanı tənqid edib, ardınca isə “hansısa katibəyə” cavab verməyəcəyini bildirməsi proseslərin təkcə silah ticarəti müstəvisində getmədiyini ortaya qoyur. Deməli, Rusiya NATO-nun Qafqaza doğru yönəlmiş addımlarını alyansın Ukraynaya gəlişinə verdiyi reaksiya ilə oxşar şəkildə qarşılamağı nəzərdən keçirir.

Bütün bunların fonunda, Ermənistana silah satmaqda maraqlarını qabarıq şəkildə ortaya qoyan daha bir bir ölkənin mövcudluğu növbəti illər üçün planlaşdırılan dünya siyasətində Cənubi Qafqazın strateji əhəmiyyətini aydın çalarla ifadə edir. Maraqlıdır ki, müharibədə məğlub olmuş və ən böyük müttəfiqindən sürətlə qopmağa meyllənmiş Ermənistan Hindistanla da silah ticarətinə dair danışıqlar aparır.

(Ardı var...)
Teymur Zahidoğlu