Qafqazda Konflikt Jurnalistikası: Sülh çağırışı, yoxsa müharibə təbliğatı?

Müasir dünyada jurnalistikaya münasibət, bu sahədəki elmi-texniki inkişafın medianın qarşısında yaratdığı tələblər, cəmiyyətlərin qütbləşməsindən irəli gələn çağırışların meydana çıxması, mətbuatın klassik formadan çıxaraq yeniliklərlə uzlaşması, informasiya yayımında yeni metodların və platformaların əmələ gəlməsi, həmçinin dünyada hər gün artan informasiya bolluğu Kütləvi İnformasiya Vasitələrinin ixtisaslaşmasını zərurətə çevirir və bu məsələdə müstəsna rol oynayır.


Bu gün dünyanın, az qala yarıdan çoxu milli münaqişələrin, separatizmin, müharibələrin və daha təhlükəli cərəyanın-terrorizmin caynağında çabalayır. Bütün bu proseslər mətbuatın əsas qollarından biri olan konflikt jurnalistikasının da inkişafında mühüm rol oynayır.

Əslində, ümumi anlayış kimi qəbul edilən konflikt jurnalistikası özlüyündə bir neçə istiqamətə ayrılır. Bura, çox vaxt bir-birindən fərqləndirilməsi çətinlik törədən hərbi jurnalistika və müharibə jurnalistikası, ictimai-siyasi böhranlarla işləyən mətbuat işçiləri, siyasi münaqişələrdən yazan jurnalistlər, təbii fəlakətlər və texnogen hadsələrlə işləyən media nümayəndələri, həmçinin iqtisadi böhranları işıqlandıran qələm sahibləri daxildir.

İndi mətbuatın-televiziya və radionun, eləcə də mətbu nəşrlərin daha çox siyasi, hərbi-siyasi alətə çevrilməsi istiqamətində başlanmış proses, demək olar ki, dünyada baş verən qütbləşmə, müharibələr, dayanmadan aparılan silahlanma ilə paralel inkişaf edir. Bu da müharibə jurnalistikasının xəbərçilik funksiyasından əlavə vəzifələrlə yüklənməsi, klassik formadan çıxıb yeniliklərlə uzlaşmasını zərurətə çevirir.

SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı) dağılmasından sonra müstəqillik qazanan 15 postsovet ölkəsi suverenliyinin bərpası və qorunması üçün heç də asan yol keçə bilmədi. Bunun üçün SSRİ-nin imperialist təsirlərinin altında qaldıqları 70 ilin, az qala yarısına yaxın zaman ötdü… Buna baxmayaraq, bu respublikalardan bir neçəsi hələ də milli münaqişələrin, separatizmin caynağından yaxa qurtara bilməyib.

1988-ci ildən münaqişələrin məkanına çevirilən Cənubi Qafqaz regionunda digər sahələr kimi Kütləvi İnformasiya Vasitələri də çətin inkişaf yolu keçdi.

Ümumilikdə bütün Qafqazı əhatə edən müxtəlif mənşəli milli münaqişələrin işıqlandırılmasnı həyata keçirən yerli mətbuat yeni qazanılmış müstəqilliyin ideoloji təsirlərinə məruz qaldığından, etnik qarşıdurmalar haqqdında məlumatların həm yerli ictiamiyyətə, həm də beynəlxalq aləmə çatdırılmasında istər-istəməz, bir növü qızışdırıcı mövqe tuturdu. Bu da təbii idi.

Böyük əksəriyyəti hələ də Sovet mətbuat sisteminin qəlibində fəaliyyət göstərən yerli qəzet və jurnallar, televiziya və radiolar qısa müddət ərzində Qərb mətbuatının təsiri altına düşdü və müəyyən təcrübə qazanana qədər yalnız Avropa və ABŞ siyasi sistemlərinin maraqlarına xidmət etməli oldular.

Həmin dövrlərdə Qafqazdakı münaqişələr barədə cəmiyyəti məlumatlandırmaq müstəqil fəaliyyətə başlamış və hələ də Sovet təfəkküründən yaxa qurtara bilməyən redaksiyaların üzərinə düşürdü. Müstəqillik əldə olunsa da, bu ölkələrin idarə edilməsində Kommunist partiyasının yetirməsi olan kadrlar mühüm yer tuturdu. Bu da öz-özlüyündə müstəqil mətbuatın formalaşmasında özünəməxsus əngəllərin yaranmasına təsir göstərirdi.

Ötən əsrin 90-cı illərində Qafqazda kabardin-balkar, çeçen-inquş, Abxaziya münaqişələri, gürcü-osetin, getdikcə vüsət alan Ermənistan-Azərbaycan, rus-çeçen müharibələri münaqişə və müharibələrdən yazan jurnalistlərin sayının çoxalmasına gətirib çıxardı. Bu proseslərin fonunda, konfliktlərdən yazan ayrı-ayrı jurnalistlər olsa da, mətbuatın bu sahəsi Qərbdəki kimi formalaşa bilmədi.

Bu ölkələrin müstəqillik əldə etməsindən uzun illər keçməsinə və kifayət qədər ağır müharibə və milli münaqişələrdən toplanan təcrübələrə rəğmən, bu gün də Qafqaz respublikalarında hərbi jurnalistika ilə müharibə jurnalistikasının eyni anlayış altında qavrandığı müşahidə edilir.

Söz yox ki, hərbi jurnalistika deyəndə, yaradıcı heyəti sırf hərbçilərdən ibarət olan və hər hansısa güc strukturunun orqanı kimi təsis edilən, yaxud da istehsal etdiyi bütün informasiyaları hərbi mövzularla əhatə olunan, yaradıcı heyətinin yarıdan çoxu tərxis edilmiş hərbçilərdən ibarət redaksiyalar anlaşılır. Həmçinin bu redaksiyaların fəaliyyəti jurnalistikanın prinsiplərinə zidd olaraq, senzura altında həyata keçirilir. Digər tərəfdən, hərbi jurnalist hərbi qulluqçu olmaqla yanaşı xidməti vəzifəsini yaradıcılıqla məşğul olaraq icra edir. Bu jurnalistlər müharibə şəraitində yalnız təmsil etdiyi dövlətin hərbi-siyasi maraqlarını təbliğ və ya tərənnüm edir. Hərbi jurnalistlər döyüş zonasında yaralansa, əsir götürülsə, itkin düşsə, onların barəsində beynəlxalq və yerli qanunvericiliyin hərbi müddəaları tətbiq edilir.

Müharibə jurnalistikası isə hərbi jurnalistikadan xeyli fərqlənir və qismən müstəqil olsa da, onun ən əsas prinsipi tamamilə tərəfsiz olmaqdır. Əks halda, müharibə bölgəsində, döyüş əməliyyatı zonalarında işləyən müharibə jurnalisti ölüm təhlükəsindən başqa, həm də casus kimi qiymətləndirilmək riski altında olur.

Konflikt Jurnalistikasının digər qolları: ictimai siyasi münaqişələrdən, təbii fəlakətlər və texnogen hadisələrdən, iqtisadi böhranlardan yazan jurnalistlər hərbi və müharibə jurnalistlərindən fərqli olaraq daha sərbəstdir, fəaliyyət imkanları daha genişdir.

1989-cu ildən etibarən Qafqazdakı münaqişələrin meydana gətirdiyi silahlı qarşıdurmalar, müharibələr, hərbi əməliyyatlar bölgə mətbuatında xeyli sayda jurnalistin müharibə jurnalisti kimi ixtisaslaşmasında az rol oynamayıb. Buna rəğmən, bu bölgədə indiyədək çox az sayda qələm sahibi müharibə jurnalisti kimi beynəlxalq səviyyədə nüfuz qazana bilib.

Azərbaycan, Gürcüstan və Ermənistan, eləcə də Şimali Qafqazda Rusiyanın tərkibinə daxil olan Şimali Osetiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan və Dağıstan kimi federativ respublikalarda da beynəlxalq səviyyəli müharibə jurnalistlərinin yetişməməsi onu göstərir ki, jurnalistikanın bu sahəsi naməlum səbəblərdən inkişaf etdirilməyib.

Adıçəkilən ölkələrdə müharibələri və münaqişələri işıqlandıran jurnalistlərin böyük çoxluğu əksər hallarda təmsil etdikləri millətlərin mənafeyini müdafiə edib, beynəlxalq aləmin obyektiv informasiya ilə təmin edilməsində, xəbər və reportajların daha çox həqiqət yükü ilə cilalanmasından, eləcə də obyektiv şəkildə dünyaya çatdırılmasından bilərəkdən, yaxud bilməyərəkdən yayınıblar.

Ötən son 20 il ərzində müxtəlif beynəlxalq səviyyəli jurnalist təşkilatları Qafqaz regionundakı KİV əməkdaşlarının dünya standartlarına uyğunlaşdırılması üçün çoxsaylı layihələr həyata keçirib, təlimlər reallaşdırıblar. Bununla belə, konfliktlərin qərəzsiz, tərəfsiz və peşəkar səviyyədə işıqlandırılması sahəsində gözənilən nəticələrə nail olunmayıb. Bunu bir neçə amillə əlaqələndirmək olar:

- sözügedən respublikalarda fəaliyyət göstərən qəzet və jurnalların, televiziya və radioların, eləcə də sayt və informasiya agentliklərinin beynəlxalq müstəviyə çıxmaması, dünya səviyyəli informasiya mənbəyinə çevrilə bilməməsi;

- redaksiyaların öz əməkdaşlarının xarici ölkələrdə peşəkar təcrübə keçməsinə maraqlı olmaması;

- beynəlxalq səviyyəli televiziya-radio, qəzet və jurnallar, həmçinin xəbər agentlikləri ilə mütəmadi təcrübə mübadiləsinin aparılmaması;

- inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən beynəlxalq səviyyəli jurnalist təşkilatları ilə daimi və hüquqi əməkdaşlığın qurulmaması;

- son olaraq, Qərbdəki KİV və jurnalist təşkilatlarından fərqli olaraq bu ölkələrdəki media nümayəndələrinin və məbu orqanların, televiziyaların yetərincə müstəqil olmaması…


Düzdür, bu sadalananlardan bəzilərinin qismən icra edildiyini söyləmək olar. Məsəlçün, qonşu və dost ölkələrdə keçirilən müxtəlif təlimlərə jurnalistlərin fərdi qaydada cəlb edildiyini demək olar. Amma bu təlimlər ya qısamüddətli olur, ya da məhdud mövzular üzrə keçirilir. Bununla yanaşı, həmin təlimlərin jurnalistlər arasında peşəkarlığın artırılmasından daha çox, hətta Qərbin özünə yad olan dəyərlərin, Qərb mediasında tətbiq olunmayan vərdişlərin aşılanmasına xidmət etdiyinə dair yetərincə dəlillər var.

Bu ölkələr arasında, müharibədən və milli münaqişədən daha çox yazan Azərbaycan və Ermənistan mətbuatının olduğunu deyə bilərik. Bu da son 30 ildə baş verən qarşıdurmaların və məlum müharibələrin təzahürüdür. Bu məsələdə bir məqamı xüsusilə qeyd etmək gərəkdir ki, hər iki tərəfdən müharibəni işıqlandıran jurnalistlər tərəfsiz və qərəzsiz olmalı olduqları halda, indiyədək müharibənin sülhlə əvəzlənməsi üçün müştərək iş apara bilmədilər. Bu da, yuxarıda qeyd etdiyimiz səbəblərlə sıx bağlıdır.

Hər iki tərəfin mediası yalnız təmsil etdikləri dövlətin maraqlarından çıxış etdi, bu sahədə yazanlar ədalət çağırışı adı altında jurnalistdən daha çox vətəndaş mövqeyi tutdu. Söz yox ki, müharibədən yazan hər iki tərəfin mediası tərəf tutduğuna görə, beynəlxalq aləmdə etibarlı xəbər qaynağı kimi qəbul edilmədi. Bu amil Qafqazdakı digər münaqişələrdən yazanlara da şamil edilir.

İstər Şimali, istərsə də Cənubi Qafqazdakı müharibə və münaqişələrin işıqlandırılması üçün bölgəyə səfər edən xarici jurnalistlər də problemlərin mahiyyətini dünya ictimaiyyəti qarşısında açmaqda aciz qaldılar. Ona görə ki, onlar münaqişənin köklərini, onlara yan təsirləri, qarşıdurmaların əsl səbəblərini, tarixi ardıcıllığını və mahiyyətini dərindən bilmədən bu mövzularda xəbər hazırlayır, nəticə etibarilə obyektivliyi qoruya bilmirdilər.

Düzdür, Qafqazda sülhə hələ ki, tam nail olunmasa da, bölgəyə təsirsiz ötüşməyən digər regional münaqişələr və ya müharibələr var ki, onların Qafqaz xalqları üçün dürüst, qərəzsiz və obyektiv şəkildə işıqlandırılmasına ciddi ehtiyac duyulur. Amma təəssüflər olsun ki, bu respublikalarda indiyədək beynəlxalq səviyyəli müharibə jurnalistlərinin yetişməməsi bu ehtiyacın qarşılanmasında heç bir müsbət rol oynaya bilmir. Bu da, sözügedən cəmiyyətlərin ətraf regionlarda gedən müharibələrə münasibətdə qütbləşməsinə səbəb olur.

Bu isə müharibə aparan tərəflərin sülhə doğru addım ata bilməməsində maraqlı olan güclərin siyasi rıçaqlarını gücləndirməyə xidmət edir.

Ona görə də, konflikt jurnalistikasının inkişaf etdirilməsi, bu istiqamətdə peşəkar mütəxəssislərin yetişdirilməsi həm də əsl sülh carçılarının çoxlamasına ciddi təkan verə bilər.

(Ardı var…)
Teymur Zahidoğlu
Ordu.az